Prezident İndoneziyaya dəvət olunub


18:23     09 Sentyabr 2016 64c968bbeca9cf7ed27057d9d2dcf744.jpg

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Dövlət başçısı Azərbaycanla İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək vermələrinin önəmini qeyd edən prezident iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlət başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünü deyib. İndoneziyanın turizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Dövlət başçısı turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu deyib. Dövlət başçısı daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Öz növbəsində, Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq 10 partiyanı təmsil edən böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini vurğulayıb. O, Azərbaycan prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini deyib və İndoneziya prezidentinin rəsmi dəvətini prezident İlham Əliyevə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1453