Səfirimiz prezidentlə görüşdü


18:33     22 Sentyabr 2016 cdb834c4513a2614f430405ffb02c014.jpg

Vyetnam Sosialist Respublikasının yeni seçilmiş prezidenti Çan Dai Quang (Tran Dai Quang) Azərbaycanın bu ölkədəki səfiri Anar İmanovu qəbul edib.


Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Çan Dai Quang Azərbaycanla Vyetnam arasında əməkdaşlığın hazırda yüksək səviyyədə olduğunu qeyd edib, bu xüsusda 18-19 may 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Vyetnama dövlət səfərinin, 13-15 may 2015-ci ildə isə Vyetnamın keçmiş prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, iki ölkə arasında mövcud olan tarixi dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyini və möhkəmləndiriləcəyini bildirib.

Çan Dai Quang ildən ilə iki ölkə arasındakı ticarət dövriyyəsinin artdığını vurğulayaraq, digər sahələrlə yanaşı iqtisadi-ticarət əlaqələrinin sürətlə inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı anlaşma mühitinin daha da gücləndirilməsi üçün yüksək səviyyəli səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayan prezident bunun iki ölkə arasındakı münasibətlərin inkişafına güclü təkan verəcəyini və bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağını bildirib.

Səfir A. İmanov isə Çan Dai Quangı Vyetnam prezidenti seçilməsi münasibətilə təbrik edib və Vyetnam xalqının rifahı naminə fəaliyyətində ona uğurlar arzulayıb. Səfir ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini qeyd edib və yüksək səviyyəli səfərlərlə yanaşı Azərbaycan və Vyetnam parlamentlərində dostluq qruplarının, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının, Azərbaycanın Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təsis olunmasının müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb. O, Vyetnamın Azərbaycanda səfirliyinin açılmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə və bu məsələnin tezliklə həllini tapacağına ümid etdiyini diqqətə çatdırıb. Səfir A. İmanov həmçinin Vyetnama səfər etmək niyyətində olan vətəndaşlarımıza münasibətdə viza rejiminin ləğvi məsələsinə baxılmasını xahiş edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1165