Araz çayından Urmiya gölünə kanal çəkiləcək?


18:23     13 İyul 2015 1232108964_cirkli-su.jpg

"Metsamor AES-in radiasiyalı sularının Oxçu çayı vasitəsilə Araz çayına axıdılması barədə məlumatlar var”


“Ermənistanın Qafan, Qacaran mis-molibden kombinatlarının suları Oxçu çayına axıdılır. Oxçuçay da Araz çayına tökülür. Yəni, Araz çayında ən çox çirklənmə burada baş verir. Hətta Metsamor Atom Elektrik Stansiyasının da radiasiyalı sularının kanal vasitəsilə Oxçu çayına axıdılması ilə bağlı məlumatlar var”.

Femida.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Məhəmməd Abduyev deyib.

M. Abduyevin sözlərinə görə, Kür çayının Böyük Kəsik məntəqəsində ağır metalların - mis, qurğuşun və nikelin miqdarı normadan dəfələrlə çoxdur:

“Eyni zamanda, Ermənistandan axan balaca Debed çayı var. Bu çay Xram çayının qoludur. Ermənistandakı Alaverdi mis mədənin suları Debed vasitəsilə Xram çayına tökülür ki, bu da Kür çayının çirklənməsinə gətirib çıxarır. Bilirsiniz, suyun belə bir xüsusiyyəti var, məsafə uzandıqca suyun özünü tənzimləmə prosesi gedir. Çirkab suları təmiz su ilə qarışır. Çirkab suyunun miqdarından asılı olaraq təmiz su üstünlüyü ələ alır. Nəticədə çirkləndiricilərin miqdarı azalır”.

İnstitutun əməkdaşı qeyd edib ki, İranın Urmiya gölünün qurumasının qarşısını almaqdan ötrü Araz çayından gölə kanal çəkməsi Azərbaycana mənfi təsir göstərəcək:

“Bildiyiniz kimi, belə bir ideya var. Maliyyə problemlərinə görə bu məsələ hələlik qalıb. Bunun reallaşacağı təqdirdə Saatlı, Sabirabad və İmişli rayonlarında su çatışmazlığı yaşana bilər. Bu isə Azərbaycan üçün böyük problem deməkdir”.

Açar sözlər:

Oxunub: 1852