Səfər İmanovun cinayət işinin icraatı dayandırıldı


18:47     20 Oktyabr 2016 1398947325_mehkeme.jpg

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun barəsində olan cinayət işinin icraatı dayandırılıb.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, S. İmanov ölkədən qaçdığına görə axtarışa verilib, bununla əlaqədar olaraq iş üzrə icraat dayandırılıb.

Qeyd edək ki, S. İmanovun vətəndaşı işə düzəltmək adı ilə ondan külli miqdarda pulunu alaraq aldatması ilə əlaqədar həmin Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, araşdırma zamanı qeyd olunan Komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 1927