Yaponiya və Rusiya liderləri Peruda görüşüb


16:05     20 Noyabr 2016 putin%20yapon%20gorus.jpg

NHK televiziya kanalının yaydığı məlumata görə, Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti çərçivəsində Peruda görüşüblər.


Təqribən bir saat davam edən görüşdən sonra Baş nazir Ş.Abe bildirib ki, Rusiya ilə sülh müqaviləsi barədə danışıqlarda sabit tərəqqinin davam etməsini istəyir.

Görüş barədə məlumat verən Ş.Abe qeyd edib ki, əsasən sülh müqaviləsinin imzalanması ilə əlaqədar müzakirələr davam etdirilib. İkinci Dünya müharibəsindən sonra iki ölkə arasında dörd adaya görə davam edən ərazi mübahisəsi buna imkan vermir. Tokio hökumətinin mövqeyinə görə, həmin adalar Yaponiyanın ayrılmaz tərkib hissəsidir və müharibədən sonra qeyri-qanuni olaraq işğal edilib.

Baş nazir bildirib ki, müqavilənin V.Putinlə birbaşa və dərindən müzakirəsinə imkan yaradılması bu işdə mühüm rol oynaya bilər. İki tərəf arasında qarşılıqlı inam yaradılmadan danışıqlar irəliləyə bilməz. Ş.Abe qeyd edib ki, V.Putinin gələn ay Yaponiyaya gözlənilən səfəri ərəfəsində onunla məhsuldar müzakirələr aparılmasına nail olub.

Baş nazir, həmçinin bildirib ki, Rusiya Prezidentinin səfərinə hazırlıqla əlaqədar Yaponiyanın xarici işlər naziri Fumio Kişida Moskvaya gedəcək. (Azərtac)

Femida.az

Açar sözlər:

Oxunub: 1089