Hakim vəkilə irad bildirdi - Yanan bina ilə bağlı


17:26     29 Noyabr 2016 yanan%20bina3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.

Təqsirləndirilən Miryusif Mahmudov poliruretan məhsulları qəlibləşdirən sexin istintaq materiallarında zavod kimi təqdim olunduğunu deyib və buna etiraz edib: "Mən də təsisçi olduğum halda, faktiki rəhbər yazıblar. Cinayət işində mənim günahkar olmağım barədə bir dənə də olsun, sübut yoxdur”.

Sonra M. Mahmudovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyevə müraciətindən bəzi epizodlar elan edilib.


Müraciətdə, binanın təxribat nəticəsində yandığı göstərilib və sənəddə şahid qismində Pərvin Kazımovun ifadəsi yer alıb.


Prosesdə təqsirləndirilən M. Mahmudovun vəkili İlhamə Həsənova və hakim Əfqan Hacıyev arasında mübahisə baş verib. Hakim vəkilin özünə aid olmayan məsələlərə müdaxilə etməsinə irad bildirib. Bu isə İ. Həsənovanın narazılığına səbəb olub.

İstintaq materiallarında M. Mahmudovla təqsirləndirilən Ədalət Rəcəbov arasında dəfələrlə telefon danışığının olması barədə qeydə münasibət bildirən Ə. Rəcəbov isə deyib ki, M. Mahmudovla aralarında yalnız bir dəfə kommunal məsələlərlə əlaqədar ünsiyyət olub.

M. Mahmudov da ifadəsində bunu təsdiq edib. O qeyd edib ki, işçiləri ilə də telefonda iş barəsində heç vaxt danışmayıb.

Proses dekabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1582