Karlovun qətlinin sifarişini kim verə bilər? - EHTİMALLAR


15:25     23 Dekabr 2016 elxan%20sahinoglu.jpg

“Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı versiyaların sayı getdikcə artır. Həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərində üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək idi. Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ. Buna görə də “Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi” sualı aktuallığını itirmir, “maraqlı tərəf” axtarışı davam edir”.


Bunu Femida.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu hesab edir ki, diqqət yenə də Fətullah Gülənin üzərində çəmləşib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfiri öldürən polisin məhz Gülən şəbəkəsinə aid olduğunu bildirib. Analikin fikrincə, belə olan halda ABŞ-la bağlı müəyyən şübhələr səsləndirilir. Çünki, Güləni mühafizə edən Amerikadır:

“Ancaq ABŞ-dakı dairələrin bu qətllə əlaqəli olması versiyası inandırıcı deyil. Səfirin öldürülməsi təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir etmədi, tam əksinə Ankara Suriya məsələsində Moskva ilə anlaşdı. Rusiya da səfirinin qətlinə soyuqqanlı yanaşdı, Türkiyəni ittiham etmədi. Çünki, hazırki geosiyasi vəziyyətdə Moskva Ankaranı yanında görmək istəyir. Qətldən bir gün sonra Moskvada Türkiyənin xarici işlər və müdafiə naziri ilə çox konstruktiv dialoq aparıldı. Rusiya-Türkiyə yaxınlaşması Vaşinqtonun maraqlarına cavab vermir. Ona görə də səfirin qətlindən sonra bu yaxınlaşmanın daha da güclənəcəyini Amerikadakı mərkəzlər proqnozlaşdıra bilərdilər. Bu baxımdan da ABŞ-dakı mərkəzlər Rusiya səfirinin qətlində maraqlı ola bilməzdilər”.

Elxan Şahinoğlu onu da əlavə etdi ki, Türkiyə müxtəlif təhlükələrlə üz-üzədir, PKK, YPG, PYD, DAİŞ, Gülən şəbəkəsi – bunların hamısı Türkiyəni hədəf alıb:

“Ona görə də Türkiyəyə çətindir və hər gün bu ölkədə partlayış və terror aksiyası baş verir, üstəgəl Türkiyə ordusu Suriya ərazisində terrorçularla şiddətli döyüşlərdə iştirak edir. Rusiyanın özü də Suriyaya hərbi müdaxilədən sonra beynəlxalq terrorçuların hədəfi halına gəlib. Son aylarda Moskva və Sankt-Peterburqda Mərkəzi Asiya mənşəli bir neçə qrup terrorçu zərərsizləşdirildi ki, DAİŞ-ə itaət edən bu qüvvələr Rusiyanın böyük şəhərlərində terror planlaşdırırdılar”.


Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1657