Pakistan mətbuatı Xocalı Soyqırımından yazdı


20:42     18 Fevral 2017 xocali_1_6914877001_83ec1f1d8e80.jpg

İslamabadda ingilis dilində çap edilən “Diplomatic İnsight” jurnalında Xocalı soyqırımının 25 illiyinə həsr olunan “Qanlı faciənin 25 illiyi” sərlövhəli məqalə dərc olunub.


Məqalədə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı alayı tərəfindən həyata keçirilən soyqırımı haqqında ətraflı məlumat verilir. Faciə zamanı uşaqlar, yaşlılar və qadınların qəddarlıqla qətlə yetirildiyi diqqətə çatdırılır.

Etnik təmizləmə siyasətini terrorizm vasitələri ilə həyata keçirən Ermənistanın Xocalı soyqırımını törətməkdə əsas məqsədinin mülki əhaliyə qarşı qırğınlar həyata keçirmək və Azərbaycan torpaqlarını işğal etmək olduğu bildirilir.

Yazıda, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz, biz isə Xocalıda bu stereotipi qırdıq” sözləri yer alır.

Bildirilir ki, bütün mülki əhalini qətlə yetirərək soyqırımına imza atan Ermənistan silahlı qüvvələrinin hərəkətlərinin beynəlxalq hüquq baxımından cinayət olduğu elmi əsaslarla sübut edilib. Ermənilərin bununla yanaşı, İslam mədəniyyət abidələrini, məscidləri, türbələri də məhv etdiyi qeyd olunur.

Məqalədə Xocalı soyqırımının bir sıra ölkələr, o cümlədən Pakistan Senatı, eləcə də ABŞ-ın bəzi ştatları tərəfindən tanındığı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı soyqırımı barədə qətnamə qəbul edildiyi, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı Ermənistanın dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsinin tələb olunduğu, lakin bu qətnamələrin icra edilmədiyi nəzərə çatdırılır, ədalətin bərpası və dayanıqlı sülhün əldə olunmasının vacibliyi vurğulanır. (Azərtac)





Açar sözlər:

Oxunub: 20266