Şahin Sultanovun məhkəməsi olacaq


18:42     13 Mart 2017 sahin%20sultanov.jpg

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.


Vəkil Telman Abdiyevin APA-ya verdiyi məlumata görə, proses martın 17-nə təyin edilib. Həmin gün hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, iş üzrə sonuncu məhkəmə iclası martın 10-da keçirilib. Həmin gün iclas Ş. Sultanov son sözlə çıxış edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bundan sonra məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində böyük iclas zalı olmadığından işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə baxılır. Dövlət ittihamçısı Ş. Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş. Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1052