Prezident və xanımı “Bakı-2015“ ilk Avropa Oyunları məşəli mərasimində


15:11     27 Aprel 2015 555555.jpg


Bir vaxtlar xəyal etdiyimiz nələr var idisə, bu gün onların hamısını yaşayırıq - Əlimizin nə vaxtsa çatacağına şübhə ilə yanaşdığımız böyük idman yarışları kimi…



Müxtəlif ölkələrdə keçirilən olimpiya oyunlarına, dünya və avropa çempionatlarına tamaşa edərkən, belə əzəmətli idman bayramlarının biz tərəflərə heç vaxt gəlib çıxmayacağı əminliyi ilə dərin bir köks ötürürdük… “Bu yarışlar böyüklər üçündür, Azərbaycan – bu balaca ölkə DÜNYAnın gözünə sataşmaz, kimsə bizi saya salmaz” deyib dururduq…

Amma oldu, bacardıq! Addım-addım gəlib elə bir zirvəyə yüksəldik ki, bizi dünyanın dörd yanından da gördülər, eşitdilər. Gördülər ki, Azərbaycan “ayağı çarıqlı” ölkə deyil! Gördülər ki, DÜNYAnı qapımıza gətirəcək qədər inkişaf etmişik...

Bu gün Azərbaycan tarix yazır. I Avropa Oyunları öz başlanğıcını ölkəmizdə götürür. İllər ötəcək, Avropa Oyunları qocaman bir idman yarışına çevriləcək. Lakin bu oyunlar haqqında məlumatlarda “İlk dəfə Bakıda keçirilib” nidası həmişə yer alacaq.

Aprelin 26-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda I Avropa Oyunlarının məşəlini alovlandırdı. Qürurverici mərasim idi. Prezident İlham Əliyev məşəli böyük fəxarət hissilə başının üzərinə qaldırarkən sözsüz ki, biz də qürrələndik! Dövlət başçısı elə bil dünyaya göstərmək istəyirdi ki, bu məşəl Azərbaycanın qüdrətindən, iqtisadi inkişafından, özünə güvənc hissindən və daha böyük hədəflərə çatacağına sarsılmaz inamından alovlanıb. O, sanki dünyaya səslənirdi ki, əlində tutduğu məşəl dostlarımızın yoluna işıq salacaq, düşmənlərimizi isə yandıracaq, külə döndərəcək.

İlham Əliyevin əlindəki məşəl həm də bizim Azərbaycan adlı evimizin ÇIRAĞI idi. Bayraq kimi tutmuşdu, hamımızı birliyə, həmrəyliyə çağırırdı!
Çırağımız heç vaxt sönməsin, cənab prezident! Gün o gün olsun ki, daha böyük idman yarışlarının məşəlini alovlandırasınız və o məşəl Şuşanı, Ağdamı, Laçını, Zəngilanı və işqaldan AZAD EDƏCƏYİMİZ bütün torpaqlarımızı dolaşsın. Allah qismət etsin ki, Azərbaycanın QƏLƏBƏ məşəlini alovlandırasınız.

Açar sözlər:

Oxunub: 970