Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradır


01:34     04 Aprel 2017 azqaz.png

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) və “Qazaxıstan Dəmir Yolları” SC birgə müəssisə yaradır.


AXDG-dən Femida.az-a daxil olan məlumata görə, bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Kanat Alpısbayev tərəfindən birgə müəssisənin yaradılması barədə müqavilə imzalanıb. Sözügedən sənəd tərəflər arasında 2016-cı ilin dekabrın 6-da imzalanan strateji əməkdaşlığa dair müqavilənin tərkib hissəsidir.

"Birgə müəssisənin yaradılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun gələcək inkişafına, onun potensialının üzə çıxarılması və bu potensialdan səmərəli istifadə üçün böyük töhfə verəcək. Bundan başqa, müəssisə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Kurık Limanı , Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istifadəyə verilməsindən sonra daha faydalı olacaq. Bundan başqa, məlum olduğu kimi yaxın gələcəkdə həm Azərbaycan, həm də Qazaxıstan Xəzərdə unikal bərələr istismara verməyi planlaşdırır. İmzalanan yeni müqavilə həmin bərələrin fəaliyyəti üçün əlverişli olacaq", - deyə xəbərdə bildirilib.

Qeyd edək ki, birgə müəssisə tam paritet əsasda yaradılır. Belə ki, səhmlərin 50%-i Azərbaycana, 50%-i Qazaxıstana məxsusdur.

Xatırladaq ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzrə ən qısa yol Azərbaycan və Qazaxıstan ərazisindən keçir. Bu da hər iki ölkənin mövcud nəqliyyat potensialından daha optimal istifadəni şərtləndirir. Ümumilikdə isə imzalanan sənəd təkcə Azərbaycan və Qazaxıstanın deyil, Şərq-Qərb dəhlizində Xəzərin mövqeyini gücləndirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1457