Universitet aprel şəhidlərini andı


00:24     08 Aprel 2017 sehidler%20andi.JPG

Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir keçirilib.


AzTU-dan Femida.az -a verilən məlumata görə, tədbir iştirakçıları universitetin həyətində Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçən AzTU məzunlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektor əvəzi Xalıq Yahudov universitetin 90-cı illərdə, eləcə də sonrakı mərhələlərdə Vətənin bütövlüyü uğrunda canından keçən məzunları haqqında danışıb və aprel döyüşlərinin Azərbaycanın şanlı tarixi olduğunu bildirib.
Daha sonra AzTU-nun televiziya studiyasında ərsəyə gətirilən və universitetin şəhid məzunlarına həsr olunan film nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev, ehtiyatda olan polkovnik Şair Ramaldanov, polkovnik Abdulla Qurbani belə qəhrəmanların gənclərə örnək olacağını, onlarla qürur duyduqlarını bildirib və aprel döyüşlərinin Azərbaycanın qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar.
AzTU-nun məzunu olan Milli Qəhrəman Fariz Qəhrəmanov və hazırda universitetdə təhsil alan Milli Qəhrəman Zabit Quliyev ali məktəbdə gənclərlə hərbi-vətənpərvərlik mövzusunda aparılan işə diqqət çəkiblər.
AzTU-nun məzunu olmuş şəhid Milli Qəhrəman Şövqiyar Abdullayevin qardaşı Elcan Abdullayev, aprel döyüşlərində şəhid olan AzTU məzunları Əbdülməcid Axundov, Mahir Quliyev, Elvin Mirzəyev və Müşfiq Orucovun valideynləri çıxışlarında diqqətə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər.
Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova oğlunun ölümündən sonra hər kəsin ona “ana” deyərək müraciət etdiyini bildirib. Şəhid anası qeyd edib ki, bütün şəhidlər vətənpərvər gənclərin qəlbində yaşayır.
Şəhid Müşfiq Orucovun atası Arif Orucov və Şəhid Mahir Quliyevin atası Qadir Quliyev çıxışlarında həm ata, həm də bir azərbaycanlı kimi qürur duyduqlarını bildiriblər.
Tədbirdə o da qeyd olunub ki, aprel döyüşlərində Azərbaycan Texniki Universitetinin dörd məzunu şəhid olub.


Femida.az

Açar sözlər:

Oxunub: 2716