Saxta MTN əməkdaşının məhkəməsi olub


18:57     13 İyun 2017 bakida-qadin-58-min-manatliq-ogurluq-etdi16.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Yusif Hüseynov deyib ki, 6 il əvvəl Aygün Akimova adlı qadına ev satıb. O, heç kimi tanımadığını bildirib. A. Akimova da ev aldığını təsdiqləyib.

Digər şahid Vüqar Xəlilov isə A. Akimova ilə dost olduqlarını deyib: "Bir gün Afət Hüseynova və Aygün Akimovanı notariusa apardım. Orada Afət Hüseynova Aygün Akimovaya maşın üçün etibarnamə verdi".

Zərərçəkmiş A. Hüseynova isə deyib ki, A. Akimova V. Xəlilovu da MTN əməkdaşı kimi ona təqdim edib.

Proses iyunun 27-də davam edəcək.

Qeyd edək ki, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkənlərdən biri Elçin Axundov məhkəmədə A. Akimovanın həyat yoldaşının AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev olduğunu deyib.

Açar sözlər:

Oxunub: 669