Gürcüstanın bizə 11 milyon dollar borcu var


21:22     19 Avqust 2015 e4424169ce5f.jpg


Gürcüstan hökuməti dövlətin xarici borcunun statistikası açıqlayıb.

Femida.az-ın xəbərinə görə, ölkənin Maliyyə Nazirliyi bildirib ki, 2015-ci il iyulun 31-nə olan xarici borcun ümumi məbləği 4,15 milyard dollardan çoxdur. Xarici borc əsasən dövlət zəmanət ilə götürülən kreditlər hesabına yaranıb.

Yerli KİV-lərin yazdığı kimi, Gürcüstan hökumətinin borcu ümumi məbləğin 4,12 milyard dollarını təşkil edir.


Gürcüstanın 17 ölkə ilə ikitərəfli kredit razılaşması mövcuddur və bu ölkələrə olan ümumi borcun məbləği 704 milyon dollar təşkil edir. Ölkə kreditorların tərkibinə Azərbaycan da daxildir. Gürcüstanın Azərbaycana olan borcunun həcmi 11 milyon 111 min dollardır.

Ümumiyyətlə, bu ilin əvvəlindən Gürcüstanın dövlət borcu 50,3 miliyon dollar azalıb.
Azərbaycan Respublikasının xarici dövlət borcu isə 2015-ci il yanvarın 1-nə 6,478.2 milyon ABŞ dolları (5,081.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.6 faiz təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, borc vəsaitlərinin 7.3%-i 10 ilə qədər, 60.2%-i 10 ildən 20 ilə qədər, 32.5%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

- XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9.9 faiz,
- valyutalar üzrə isə ABŞ dolları ilə – 64.8 faiz,
- avro – 21.4 faiz,
- yapon yeni – 2.1 faiz,
- İslam dinarı – 0.7 faiz,
- BƏƏ dirhəmi – 0.5 faiz,
- Səudiyyə rialı – 0.4 faiz,
- Küveyt dinarı – 0.2 faiz.


Dünya Bankı, Asiya İnkişaf Bankı , İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər əsasən iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Açar sözlər:

Oxunub: 971