Azərbaycan diaspor təşkilatları birləşdi - Zəhraya görə


18:31     06 İyul 2017 zehra-quliyeva.jpg

Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD), Eskişəhər Azərbaycanlılar Dərnəyi (ESAZDER), Misir Ərəb Respublikasında fəaliyyət göstərən Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi, Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatını pisləyən bəyanat yayıb.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilməsini pisləyən etiraz bəyanatları insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara ünvanlanıb.

“Bu faciə Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının region üçün nə qədər ciddi təhlükə olduğunu, eyni zamanda Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Dünya ictimaiyyəti atəşkəs dövründə baş verən təxribatların, hücumların və mülki şəxslərin qətlə yetirilməsinə lazımi reaksiya versinlər, bütün bu ədalətsizliklərə seyrçi qalmasınlar”, - deyə bəyanatda qeyd olunur.

Bəyanatda, həmçinin, 1992-ci ildə baş verən Xocalı soyqırımının birbaşa icraçısı olan Ermənistanın indiki prezidenti Serj Sarkisyanın Azərbaycan xalqına dünyanın gözü qarşısında eyni soyqırımı siyasətini davam etdirdiyi diqqətə çatdırılır. Vurğulanır ki, bu hadisənin baş verməsi bir daha Ermənistan bölgədə sabitlik və əmin-amanlığa ciddi təhlükə və münaqişənin dinc yolla nizamlanması prosesinə maneə olduğunu göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 1090