Daşkəsəndə yeni su xətti istifadəyə verilib


02:41     27 İyul 2017 dsc_0068.jpg

İyulun 26-da Yaponiya hökumətinin maliyyə dəstəyi ilə reallaşdırılan “Yuxarı Daşkəsən qəsəbəsi üçün su təchizatı sisteminin inşası” layihəsinin başa çatması münasibətilə tədbir keçirilib.


Femida.az xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, həmçinin səfirliyin, QHT-lərin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Teruyuki Katori məlumat verib ki, icrası başa çatdırılan layihə üzrə qrant müqaviləsi bu il martın 6-da Yaponiya səfirliyi ilə “Konstitusiya Araşdırmalar Fondu” Qeyri-Hökumət Təşkilatı arasında imzalanıb. Layihənin həyata keçirilməsində məqsəd Yuxarı Daşkəsən qəsəbə sakinlərinin içməli suya olan tələbatını ödəməkdir.

Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev isə çıxışında Daşkəsəndə həyata keçirilən sosial layihələrdən danışıb, Yuxarı Daşkəsən qəsəbəsinin sakinlərini su təchizatı sisteminin inşa olunması münasibətilə təbrik edib.

Qeyd edilib ki, layihə çərçivəsində 8,1 kilometr su xətti, su anbarı, 30 ton həcmində rezervuar və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib. Yeni layihənin istifadəyə verilməsi ilə 3 min rayon sakininin içməli su təchizatı yaxşılaşacaq. Layihənin ümumi dəyəri 82,765 min ABŞ dolları təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 602