Cəlilabadda su problemi həll olundu


19:38     02 Sentyabr 2017 14310d42fc6aef3prezident.jpg

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.


Femida.az xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, bu layihə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.
Qeyd olunub ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.
Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon sakini, Əməkdar Müəllim Qərənfil Əhmədova Cəlilabadın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Cəlilabad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonda xatirə şəkli çəkdirilib.

Açar sözlər:

Oxunub: 661