Yanan mənzilə görə dövlət orqanlarının öhdəliyi


18:57     16 Noyabr 2017 yangın-bir-ulke-yas.jpg

Hansı hallarda dövlət yanmış mənzilə görə vətəndaşa kompensasiya ödəməlidir?


Mənzili yanan vətəndaşların dövlət qurumlarından narazı qalması halları ilə tez-tez qarşılaşırıq. Bəzi hallarda mənzil sahibinin dövlət orqanlarından kompensasiya tələb etməsi sonda müəyyən narazılıqların yaranmasına səbəb olur.

Bəs görəsən, dövlət qurumlarının bu və ya digər səbəblərdən yanmış mənzilə görə hansı öhdəlikləri mövcuddur?

Bu sualla vəkil Ruslan Vəliyevə müraciət etdik.

R.Vəliyev bildirdi ki, dövlət orqanlarının bütün hallarda kompensasiya ödəmək öhdəliyi yoxdur. Onun fikrincə, hadisə yerinə cəlb olunmuş FHN əməkdaşları yanğının baş vermə səbəblərini araşdırmalıdır:

“İlk öncə onu qeyd edim ki, mənzildə baş vermiş hansısa yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisənin mənbəyini, baş vermə səbəblərini araşdırırlar. Əgər məlum olsa ki, yanğın ailə üzvlərindən birinin, yaxud da hər hansı bir şəxsin ehtiyatsızlığı ucbatından baş verir, bu zaman hansısa kompensasiyadan söhbət gedə bilməz. Əgər müəyyən olunsa ki, yanğın kənar şəxslərin müdaxiləsi nəticəsində baş verib, bu halda həmin şəxslərin dairəsi müəyyənləşdirilir, onlar barəsində müvafiq məsuliyyət növü müəyyən olunur. İstintaq zamanı kənar şəxslərin hərəkəti nəticəsində yanğının baş verdiyi öz təsdiqini taparsa, mənzilin sahibləri cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınır və bu zaman onun təqsirkar dəymiş şəxslərdən zərərə görə təzminat almaq hüququ yaranır”.



Vəkilin sözlərinə görə, əgər müəyyən olunsa ki, yanğın təbii fəlakətin nəticəsində baş verib, bu zaman dövlət mənzil sahibinə müvafiq kompensasiya ödəyir:

“Həmçinin, ola bilər ki, mənzil dövlət orqanlarının hərəkət, yaxud da hərəkətsizliyi ucbatından baş verir, bu zaman da dövlət vətəndaşa kompensasiya ödəyir. Bunlarla bağlı Maliyyə Nazirliyinin müvafiq göstərişi olur və büdcədən mənzili yanmış vətəndaşlara pul ayrılır. Digər hallarda vətəndaşa kompensasiyanı təqsirkar şəxs ödəməlidir. Evi təmir edən usta da əgər səhlənkarlıq edibsə, məsuliyyətə cəlb oluna bilər”.

R.Vəliyev onu da qeyd etdi ki, bütün bu hallar evin siğorta olunması hallarına şamil edilmir:

“Siğorta olunmuş mənzillər yandığı təqdirdə kompensasiyanı siğorta şirkətləri ödəyir. Lakin burada da bir məqam var. Əgər mənzil ailə üzvlərindən birinin hərəkəti nəticəsində baş veribsə, bu zaman siğorta şirkəti kompensasiya ödəmir. Yəni mənzil üçüncü şəxslərin iştirakı ilə yanmış olmalıdır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 976