Rəsmi Tbilisi Saakaşvilinin ekstradisiyasını istəyir


20:11     10 Dekabr 2017 1430299789_saakasvili1.jpg

Rəsmi Tbilisi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil.


Rusiya KİV-lərinin yaydığı xəbərə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Gürcüstan mədəniyyət naziri Mixail Georqadze bildirib.

M.Georqadze deyib ki, heç kim M.Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil, eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib: "Mixail Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin konkret məsələ ilə bağlı konkret sualları var".

Qeyd edək ki, 2014-cü ildə Gürcüstanda M.Saakaşviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb. Sabiq prezident 2007-ci il noyabrın 7-də aksiyaçılara qarşı zorakılığın, "İmedi" telekanalına hücumun təşkilində, biznesmen Badri Patarkatsişvilinin əmlakını qanunsuz mənimsəməkdə, 2005-ci ildə deputat Valeriya Qelaşviliyə qarşı hücum təşkil etməkdə, bankir Sandro Qirqvlianinin qətlinin istintaqına mane olmaqda, 2009-2012-ci illərdə dövlət vəsaitindən sui-istifadə etməkdə günahlandırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 633