General əsgər valideynlərini qəbul etdi


15:42     26 Dekabr 2017 1514273005580547228_1000x669_1514273208.jpg

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədovun Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində əsgər valideynləri ilə görüşü olub.


Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Daxili Qoşunların Komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə tanış olub, ərazidə aparılan abadlıq-quruculuq işləri ilə maraqlanıb.

Hərbi hissə komandiri döyüş hazırlığının, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti barədə məruzə edib.

Ş.Məmmədov döyüş xidmətinin təşkili və digər zəruri məsələlərlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlarını verdikdən sonra əsgər valideynləri ilə görüşərək onların müraciətlərini dinləyib.

Görüşün təşkilində əsas məqsədin valideynlərin müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan komandan qeyd edib ki, Daxili Qoşunların bütün hərbi hissələrində əsgərlərin yüksək səviyyədə xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb.

Diqqətə çatdırılıb ki, Daxili Qoşunların hərbi qulluqçularının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış kompleksləri, yeni hərbi şəhərciklər, qərargah binaları, əsgər kazarmaları, yeməkxanalar, tibb məntəqələri və sair xidməti otaqlar ən müasir zəruri avadanlıqla təchiz edilib.

Daxili Qoşunların Komandanı bildirib ki, bütün bunlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Əsgər valideynləri övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Azərbaycan Prezidentinə, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra Daxili Qoşunlar Komandanı əsgər valideynlərini dinləyərək, onların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verib. Tədbirdə icrası mümkün olan məsələlər yerindəcə həllini tapıb.

Açar sözlər:

Oxunub: 1675