Bu peşədə çalışanlar ixtisara salınacaqmı? - Komitə sədri AÇIQLADI


17:07     27 Yanvar 2018 18_01_27_1517044362.jpg


"Uşaq bağçalarında mənşəyi bəlli olmayan ətlərdən qida üçün istifadə edilməsi ilə bağlı bizə də məlumat daxil olmuşdu. Biz bu faktı araşdırdıq. Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrində mütləq mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Bu monitorinqlər də yalnız icra hakimiyyəti orqanları tərəfindən yox, valideynlərin özləri və ya valideyn komitələri tərəfindən də aparılmalıdır. Yoxsa bununla araşdırmalar müsbət nəticə verməyəcək".

Femida.az xəbər verir ki, bunu APA TV-yə müsahibəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, hər bir rayonda azyaşlıların sayına görə uşaq bağçaları olmalıdır: "Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır. Çünki uşaq qidası ən yüksək keyfiyyətə cavab verməlidir. Hesab edirəm ki, uşaq bağçaları təkcə icra hakimiyyətinə verilməli deyil. İcra hakimiyyəti onun maliyyə tərəfinə baxa bilir. Bu, Təhsil və Səhiyyə nazirlikləri, eləcə də bir çox qurumların işidir. Əgər sadaladığım qurumların da iştirakı ilə monitorinq aparılsa, sözügedən nöqsanları aradan qaldırmaq olar".

Bir sıra uşaq bağçalarında aşpazların ixtisara salınacağı və uşaqların hazır yeməklərlə təmin olunacağı ilə bağlı yayılan söz-söhbətlərə gəlincə, komitə sədri bunun həqiqətə uyğun olmadığını dilə gətirib: "Mən hesab edirəm ki, bu düzgün fikir deyil. Uşaqların qidaları isti-isti verilməli, keyfiyyətli olmalıdır. Mütləq yeməklər uşaq bağçalarında hazırlanmalı və mətbəxdə təmizliyə ciddi riayət olunmalıdır. Əgər hazır yeməklərlə uşaqlar təmin ediləcəksə, ona kim nəzarət edəcək? Əgər mətbəxə müəssisə rəhbərliyi nəzarət edə bilmirsə, hazır gətirilmiş yeməklərə kim nəzarət edəcək? Bu absurddur".

Deputat bildirib ki, bu məsələyə məsuliyyətlə yanaşılmalıdır.

Femida.az

Açar sözlər: #uşaq   #Ailə   #Qadın   #Komitə   #Aqiyə   #aşpaz  

Oxunub: 1275