Həbsdə olan jurnalistlər ifadə verdi - "Habil Vəliyevə şər atıblar"


16:30     08 Fevral 2018 mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə H. Əliyev prosesin qapalı keçirilməsi haqqında vəsatət qaldırıb. O bildirib ki, mətbuatda onun çıxışı tam verilməyib və ona görə məhkəmə prosesi qapalı keçirilməlidir.

Məhkəmə vəsatəti təmin etməyib. Sonra prosesdə şahid qismində hazırda həbsdə olan Surxay Əliyev ifadə verib. O bildirib ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir: "Habil Vəliyevə şər atıblar".

Sonra həbsdə olan jurnalist Hikmət Nəcəfli də ifadə verib. O da ibtidai istintaqa ifadəsini təsdiq edib: "Zərərçəkmiş Hatəm İbrahimov Habil Vəliyevə borc pul verib. Burda şantajdan söhbət getmir".

H. Nəcəflinin ibtidai istintaqa ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan ifadə elan olunub. H. Nəcəfli ibtidai istintaqa ifadəsində zərərçəkmiş Hatəm İbrahimovdan pulun şantajla alındığını deyib.

Qeyd edək ki, iş üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H. Vəliyevin cinayət işindən ayrılıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Femida.az

Açar sözlər: #Məhkəmə   #İstintaq   #Cinayət  

Oxunub: 1267