Keçmiş MTN generalının vəsatətləri təmin edilmədi


00:15     27 Fevral 2018 1398947325_mehkeme.jpg


Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə E.Quliyevin vəkili Ziyad Abbaszadə bir neçə vəsatətlə çıxış edib.

O, vəsatətlərində məhkəmə iclaslarının qapalı keçirilməsini və çəkilişlə aparılmasını istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra Z.Abbaszadə digər vəsatətində maliyyə vəsaitlərinin xərclənməsi ilə ilə bağlı təkrar məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsini tələb edib.

Təqsirləndirilən E.Quliyev də vəkilinin vəsatətinin təmin edilməsini və maliyyə xərcləri ilə bağlı ittihamın araşdırılmasını istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Z.Abbaszadə qaldırdığı daha bir vəsatətində bildirib ki, cinayət işində qeyd edilən Malik Mustafayevin ölüm faktı ilə bağlı epizod üzrə mütəxəsis rəyi olmalıdır: "Həmin mütəxəsisin qanunu şərh etməsini istəyirik".

E.Quliyev vəsatətə münasibət bildirən zaman söyləyib ki, keçmiş MTN əməkdaşı Malik Mustafayevlə ayrı-ayrı idarədə çalışıb: "Malik Mustafayev məndən aslı vəziyyətdə olmayıb".

Hakim növbəti vəsatəti də təmin etmədiyini açıqlayıb.

Prosesdə E.Quliyevin digər vəkili çıxış edib. O, müvəkkilinin günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs ediliblər. Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunublar./report

Femida.az

Açar sözlər: #məhkəmə   #MTN   #general   #hökm   #apelyasiya  

Oxunub: 752