Qadınların əmək hüquqları ilə bağlı seminar keçirilib


22:55     28 Fevral 2018 2018/02/3-(8)_1519817263.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Quba rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda seminar keçirib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, müvafiq mövzuda məlumatlandırma məqsədi daşıyan seminarda bölgədə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı müəssisələrin qadın işçiləri iştirak edib.

Tədbirdə ölkəmizin əmək qanunvericiliyində qadınların əmək münasibətləri sahəsində kişilərlə bərabər hüquqlara malik olduqları, əmək hüquqları sistemində gender prinsiplərinin təmin edildiyi vurğulanıb. Qeyd olunub ki, Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. Bununla belə, qanunvericiliklə qadınlara güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik halı hesab edilmir.

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqinin, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina edilməsinin qadağan olunduğu diqqətə çatdırılıb. Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla sınaq müddətinin müəyyən edilmədiyi, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiya olunmayan işçilər sırasında olduqları bildirilib.

Seminar zamanı hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılmasının qadağan olunması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər və s. barədə də məlumat verilib.

İştirakçıların suallarının cavablandırılması ilə davam edən seminarda müvafiq mövzuda maarifləndirici bukletlər də paylanıb.

Femida.az

Açar sözlər: #Quba   #seminar  

Oxunub: 832