Energetika Nazirliyi və BP arasında növbəti sövdələşmə

Energetika Nazirliyi və BP arasında növbəti sövdələşmə


13:23     19 Oktyabr 2018 2018/10/bp-imzalanma_1539941586.jpg


Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP arasında kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi ilə bağlı Niyyət Məktubu imzalanıb. Niyyət Məktubu Energetika Nazirliyinin Azərbaycanda kiçik su elektrik stansiyalarının enerji istehsalı göstəricilərinin təkmilləşdirilməsi məqsədinin dəstəklənməsini nəzərdə tutur.

Femida.az xəbər verir ki, sənədə əsasən Azərbaycanın kiçik dağ çaylarının hidroenerji potensialını gücləndirmək məqsədilə aparıcı məsləhətçi şirkət olan “SNC-Lavalin's Atkins” tərəfindən bölgələrdə mövcud kiçik su elektrik stansiyalarının iş səmərəliliyini artırmaq üçün qiymətləndirmə aparılacaq.

Energetika nazirinin müavini Samir Vəliyev:

“Bu sənəd BP ilə uzunmüddətli enerji əməkdaşlığımızın növbəti bir uğurudur. Ümid edirik ki, bu əməkdaşlıq neft-qaz sektorunda uğurlu təcrübənin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinə imkan yaradacaq və ölkəninin enerji balansında bərpa olan enerji mənbələrinin payının artırılması hədəfinə çatmağa kömək edəcəkdir”.

BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

“Bu layihə bizim sosial sərmayələr üzrə gördüyümüz işlər çərçivəsində ölkənin potensialının inkişaf etdirilməsi təşəbbüslərinə dəstək olmaq barədə götürdüyümüz öhdəliyə uyğundur. Biz bu layihədə Energetika Nazirliyinə dəstək olmaqdan məmnunluq duyuruq və ümid edirik ki, bu əməkdaşlıq böyüyərək gələcəkdə daha güclü və geniş tərəfdaşlığa çevriləcək”.

“SNC-Lavalin's Atkins” şirkəti fəaliyyətdə olan bir sıra kiçik su elektrik stansiyalarının işini yoxlayacaq və həmin stansiyaların iş səmərəliliyinin necə təkmilləşdirilə biləcəyinə dair tövsiyələrini verəcək. Mövcud stansiyaları nəzərdən keçirmək və yeni stansiyaların tikilməsi üçün mümkün sahələri qiymətləndirmək məqsədilə Atkins şirkətinin beynəlxalq ekspertlərinin əraziyə səfərləri təşkil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 150