20 yaşlı Avropa Məhkəməsi: KİMLƏR VƏ NECƏ MÜRACİƏT EDƏ BİLƏR?


17:03     01 Noyabr 2018 18_11_01_1541077410.jpg


Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin hazırki sistemdə qurulmasından 20 il ötür. Əslində Məhkəmim tarixi daha qədimdir. Belə ki, AİHM "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında 1959-cu ildə yaradılıb. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir. Avropa Məhkəməsində rəsmi dil isə inglis və fransız dilləri hesab olunur .

Femida.az AİHM-lə bağlı yazını təqdim edir.

AİHM-in yaranması və müasir modelə çevrilməsi

12 iyul 1949-cu ildə Avropa Şurasının Nazirlər Komitəsinə Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Statutunun layihələri təqdim edildi. Lakin əvvəllər məhkəmənin yaradılması təklifi konvensiyaya üzv dövlətlər tərəfindən dəstəklənmədi. İlk olaraq Fransa və Böyük Britaniya layihənin əleyhinə çıxdılar. Lakin, bir çox dövlətlər Məhkəmənin yaradılmasının vacibliyini vurğulayırdılar. İki günlük gərgin müzakirələrdən sonra 64 səslə müvafiq qərar qəbul olundu.
Məhkəmənin yaradılması ilə bağlı konfrans iştirakçılarının məruzəsində deyilirdi ki, yeddi dövlət (Böyük Britaniya, Niderland, Türkiyə, Yunanıstan, Danimarka, Norveç və İsveç) onun əleyhinə, dörd dövlət isə (Belçika, İrlandiya, İtaliya və Fransa) - lehinə çıxış edirlər. İsveç fakültativ məhkəmənin yaradılması ideyası ilə çıxış etdi və onun bu kompromis təklifini səkkiz dövlət dəstəklədi, əleyhinə isə iki dövlət çıxdı.
1950-ci il noyabrın 4-də Romada Avropa Şurası üzvləri tərəfindən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiya qəbul olundu və 1953-cü il sentyabrın 3-də Avropa Şurası üzvü olan 8 dövlət (Danimarka, İrlandiya, İslandiya, Lüksemburq, Norveç, Böyük Britaniya, Almaniya və İsveç) tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə mindi.
Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Şurasının əsas orqanlarından biri hesab olunur. 1998-ci ilə qədər Konvensiyanın iştirakçısı olan dövlətlərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini təmin edən üç orqan fəaliyyət göstərirdi. Avropa İnsan Hüquqları Komissiyası, Avropa İnsan Hquqları Məhkəməsi, və Avropa Şurasının Nazirlər Komitəsi. 1 noyabr 1998-ci ildə konvensiyaya 11 saylı protokolla mühüm dəyişikliklər edilərək Avropa İnsan Hüquqları Komissiyası və Avropa İnsan Hüquqları Məhkəməsi birləşdirilərək vahid məhkəmə yaradıldı. Nazirlər Komitəsi isə məhkəmənin qərarlarının icrasına nəzarət edən orqan kimi fəaliyyətini davam etdirməyə başladı.
Avropa İnsan Hüquqları Məhkəməsinin hazırki quruluşu Baş Assambleya, Komitə, Tək hakim (14 saylı Protokol 1 iyun 2010-cu ildə yaradılıb), Dairə və 17 Böyük Hakimlər Palatasından ibarətdir.

Məhkəməyə müraciətin şərtləri

AİHM-in yaradılmasından sonra ilk dəfə olaraq insanlar beynəlxalq hüquqla təsbit olunmuş hüquq və azadlıqlarını reallaşdırmaq üçün imkan qazandılar. İlk dəfə olaraq bir dövlət öz təəbələrinə qarşı yol verilən və Konvensiyada təsbit olunan hüquqlara görə digər dövlətə qarşı iddia qaldırmaq hüququ əldə etdi.

Məhkəməyə müraciət etməzdən əvvəl aşağıdakı məqamlara diqqət yetirilməlidir:

• müraciət edilən dövlətin Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya etməsi;
• pozulmuş hüquq və ya hüquqların Konvensiya və əlavə Protokollarda təsbit olunması;
• əgər bu pozulmuş hüquq(lar) Konvensiyaya dair hər hansı bir Protokolda nəzərdə tutulmuşsa, bu Protokolun müvafiq dövlət tərəfindən ratifikasiya edilməsi;
• bütün dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi;
• müvafiq sonuncu dövlətdaxili orqanın qəti qərarının qəbul edilməsindən sonra altı aylıq müddətin keçməməsi;
• şikayətin anonim olmaması;
• şikayətin mahiyyətcə Məhkəmənin artıq baxdığı məsələ ilə eyni olmaması;
• şikayətin beynəlxalq araşdırmanın və ya tənzimlənmənin digər prosedurasının predmeti olmaması;
• şikayətin açıq surətdə əsaslandırılması;
• şikayət vermə hüququndan sui-istifadə edilməməsi.

AİHM bunları etmir

Avropa Məhkəməsi üzv dövlətlərin məhkəmələrinin çıxardığı qərarları ləğv etmir, milli məhkəmələrə göstəriş vermir və onlar üzərində nəzarəti həyata keçirmir. Çünki, Avropa Məhkəməsi hər hansı bir dövlətin yuxarı məhkəmə instansiyası hesab olunmur. Məhkəmə yalnız şikayət əsasında icraatına götürmüş olduğu mübahisələr üzrə şikayətçinin konvensiyada nəzərdə tutulmuş hüquqlarının üzv dövlət və onun orqanları tərəfindən pozulub - pozulmadığını məyyən edir. Çıxarılmış qərarın əsasında müvafiq məhkəmələrin qərarlarının ləğv edilməsini həyata keçirmək səlahiyyəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna məxsusdur. Yəni Plenum Avropa Məhkəmsinin baxdığı iş üzrə qəbul etdiyi qərar əsasında aşağı məhkəmələrin qərarlarını ləğv edərək yenidən baxılması üçün aşağı məhkəmələrə göndərir. Yalnız qeyd etmək lazımdır ki, fərdi şikayətçinin çəkmiş olduğu məhkəmə xərclərinin və hüquqlarının pozulması nəticəsində ona dəymiş ziyanın konpensasiya şəklində dövlət tərəfindən ərizəçiyə ödənilməsi Avropa Məhkəməsi qərarında göstərilə bilər. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarəti isə Nazirlər Kabineti həyata keçirir.Şikayətin verilmə formasına gəldikdə isə hər bir şikayət yuxarıda qeyd etdiyimiz şərtləri əsas götürməklə Avropa Məhkəməsi tərəfindən xüsusi standart formada hazırlanmış blanklarda tərtib olunmalıdır.

Hakimlər

Hakimlər 9 il müddətinə və Avropa Şurasına üzv dövlətlərin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir və Onlar yenidən seçilə bilməzlər. Hakimlərin səlahiyyət müddəti onlar 70 yaşına çatanda bitir. Onlar əvəz olunanadək vəzifələrini yerinə yetirirlər. Bununla yanaşı, daha öncə icraatlarında olan işlərə, əvəz olunandan sonra da baxmaqda davam edirlər.
Digər hakimlərin üçdə iki səs çoxluğu ilə hər hansı hakimin qoyulan tələblərə cavab vermədiyi haqqında qərarı olmadan hakim öz vəzifəsindən azad edilə bilməz.
Konvensiyanın pozulması müraciət edənə şəxsi ziyanın vurulması ilə bağlı olmalıdır, yəni Konvensiyada təsbit olunmuş bu və ya digər hüquq və azadlıqların pozulması şəxsən onun özünə aid olmalıdır, şəxsən onun özünün bu və ya digər hüququ (hüquqları) pozulmuş olmalıdır. Konvensiya üzrə müdafiə yalnız fərdlə hakimiyyət arasında olan münasibətlərə tətbiq edilir. Buna müvafiq olaraq, fərd Avropa Məhkəməsinə yalnız Konvensiyada və əlavə Protokollarda təsbit olunmuş və dövlət orqanlarının məsuliyyət daşıdığı hüquqların pozulması ilə əlaqədar müraciət edə bilər. Fərd digər bir fərdin hərəkəti ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edə bilməz.

AİHM və Azərbaycan

Azərbaycan Respublikası 2001- ci ildə Avropa Şurasına üzv qəbul edilib, 25 dekabr 2001 - ci ildə isə ölkə parlamenti "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı ratifikasiya edib.
AR Konstitusiyasının 151-ci maddəsinə əsasən Avropa İnsan Hüquqları Konvensiyası Azərbaycan Respublikası ərazisində bilavasitə qüvvədədir. Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsi, onun yurisdiksiyası altında olan bütün şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə bəzi şərtlərə əməl etməklə bilavasitə müraciət etmələrinə imkan verir.
Bu bir faktdır ki, 2002-ci ildən başlayaraq Avropa Məhkəməsinə Azərbaycan Respublikasının vətəndaşları tərəfindən şikayətlər göndərilməkdədir. Bu da o deməkdir ki, Azərbaycan Respublikasının məhkəmələri cinayət və mülki işlər üzrə çıxardığı qərarları Avropa Məhkəməsinin presedent huququnu nəzərə almaqla çıxarmağa məcburdurlar.
Azərbaycan Respublikasının Konvensiyanı ratifikasiya etməsi ilə bağlı olan sənəd Avropa Şurasının Baş katibinə təqdim edildikdən sonra 15 aprel 2002-ci ildə bu orqan tərəfindən depozitə edilib. Bu tarixdən etibarən Avropa Konvensiyası Azərbaycan Respublikası ərazisində hüquqi qüvvəyə minib və respublikanın yurisdiksiyası altında olan hər bir vətəndaşın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yaranıb.

Məqalədə hakimliyə namizəd A.Ə.Rzayevin mülahizələrindən istifadə olunub.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #hüquq   #qanun   #vəkil   #femida   #Avropa   #AİHM  

Oxunub: 3905