Vəkil olmaq istəyənlər dekabrın 23-də imtahan verəcək


10:52     22 Noyabr 2018 18_11_22_1542869689.jpg

Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul olunması ilə bağlı keçiriləcək imtahanın vaxtı müəyyənləşib.

Femida.az -ın kollegiyaya istinadən verdiyi xəbərə görə, Dövlət İmtahan Mərkəzi ilə əldə olunan razılığa əsasən ixtisas imtahanlarının yazılı test mərhələsi dekabrın 23-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən şəxslər dekabrın 20-dək Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

İmtahan mərkəzindəki kompüterlərin sayı nəzərə alınaraq Mərkəzdə 180 nəfərədək namizəd imtahan verəcək. Bu səbəbdən daxilolma tarixi üzrə ərizələri qəbul olmuş ilk 180 namizəd imtahana buraxılacaq.

Dekabrın 23-dəki imtahana buraxılmamış şəxslər ardıcıllıqla növbəti aylarda keçiriləcək imtahanlarda iştirak üçün dəvət olunacaqlar.

Bundan öncəki (yanvarın 28-də keçirilən) imtahandan keçə bilməyən şəxslər bu dəfə imtahanda iştirak edə bilməzlər.

Açar sözlər:

Oxunub: 397