• Ana səhifə / Manşet

Xəbər lenti

Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi 97 il – Tarixi arayış


Tarix 28.03.16, 11:19


Hər bir müstəqil ölkənin əsas dayaq mənbələrindən biri onun təhlükəsizliyi təmin edən qurumlarla bağlıdır. Dünya miqyasında ölkələrin gücü bəzən onun təhlükəsizlik xidmətinin gücü ilə də ölçülür. Azərbaycan təhlükəsizlik orqanları bu gün 97 yaşını qeyd edir.


Femida.az Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən yazını təqdim edir.

28 mart 1919 –cu il tarixdə Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Hələ o vaxt Xalq Cümhuriyyətinin hərbi naziri general Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində bir bölmə yaradıldı. Həmin bölmə kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) adlanırdı.Müasir Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş Milli Təhlüksəzilik Nazirliyi) bünövrəsi olan qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı olub. Sovetləşmədən sonra təşkilatın üzvləri repressiyalara məruz qaldı. Həmin çətin illərdə Məmmədbağır Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələndi. Bundan sonra təşkilata onun qardaşı Nağı Şeyxzamanlı təyin edildi. Ancaq onun taleyi yaxşı gətirmədi.Ölkədə baş verən təyziqlərdən və ölüm hədəsindən sonra o Türkiyəyə mühacirət etdi.

Sovet hakimiyyəti qurulan zaman vu qurum da adını dəyişdi. Əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

Azərbaycanın təhlükəsizliyini təmin etmək məqsədi ilə yaradılan bu quruma rəhbərlik edənlər 1967-ci ilədək qeyri-azərbaycanlılar olub. 1967-ci ildə general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Bununla da Heydər Əliyev bu quruma rəhbər təyin edilən ilk azərbaycanlı kimi tarixə düşdü. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Həmin vaxt Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olundu.

Milli Təhlükəsizlik orqanının keçdiyi tarixi dövrlər…

Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

- Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı. Azərbaycan Demokratik Respublikasının təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürmüş və bölmə (Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işin öhdəsindən bacarıqla gələ bilmişdi. Hazırki Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürmüşdür.

- Lakin bolşeviklərin pozuculuq fəaliyyəti nəticəsində respublikada vəziyyətin mürəkkəbləşməsi və müxtəlif parlament cərəyanları və partiyalar arasında siyasi mübarizənin gərginləşməsi nəticəsində 6 mart 1920-ci ildə Əksinqilabla Mübarizə Təşkilatı buraxıldı. 1920-ci il 28 aprel müdaxiləsi ilə Azərbaycanda milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirmək səyləri yarımçıq qaldı. XX əsrdə Azərbaycanın ilk xüsusi xidmət orqanlarının təşəkkülündə Əksinqilabla Mübarizə Təşkilatının rəhbərləri olmuş Məmmədbağır Şeyxzamanlı və Nağı Şeyxzamanlının əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir.

İmperiya siyasətini həyata keçirən və Azərbaycanda bolşevik rejiminin gücləndirilməsinə xidmət etməklə bu işdə inzibati alət rolunu oynayan Azərbaycan Fövqəladə Komissiyası, bir qədər sonra isə Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı 1920-1940-cı illərdə xalqımızın minlərlə nümayəndəsini fiziki və mənəvi terrora məruz qoydu. 1920-ci ilin mayından 1921-ci ilin əvvəllərinədək 40 mindən çox soydaşımız Fövqəladə Komissiya tərəfindən məhv edilmiş, 1934-1938-ci illərdə 27 min 854 nəfər Xalq Daxili İşlər Komissarlığı tərəfindən güllələnmə hökmünə məhkum olunmuşdur. Ümumiyyətlə, 20-50-ci illərdə repressiyaya məruz qalaraq, məhv olunanların sayı 400 mini keçmiş, yarım milyondan çox insan isə ölkədən sürgün edilmişdir. Ruslaşdırma siyasətinə qarşı çıxan Əyyub Xanbudaqov, Novruz Rizayev və başqaları repressiyalara qarşı öz etirazlarını açıq şəkildə bəyan etdiklərinə görə məhz o illərdə məhv edilmişlər. İstiqlaliyyət uğrunda mübarizə aparan Azərbaycanın bir çox say-seçmə övladları – Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Mirzə Bala Məmmədzadə, Rüstəm bəy Şəfibəyov, Əbdülvahab Yurdsevər, Nağı Şeyxzamanlı, Mahmud Səfikürdski və başqaları mühacirətdə yaşamaq məcburiyyəti qarşısında qalmışlar.
1950-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlamış, öz qayğısını bu təsisatlardan əsirgəməmişdir.

Müstəqil Azərbaycanın Təhlükəsizlik Nazirliyi…

- Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, orqanın ancaq milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti deyildi – ilk növbədə nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi. Əgər Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı sovet dövlətinin mövcudluğunun və strateji maraqlarının təmin olunmasına yönəlmişdisə – Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Dövlət müstəqilliyinin bərpa olunmasından sonra xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi kəşfiyyat, təxribat-pozuculuq fəaliyyəti hallarının aşkar olunması və neytrallaşdırılması baxımından mühüm nailiyyətlər əldə olunmuşdur. Nazirliyin qarşısında həmçinin dövlət sirri təşkil edən məlumatların qorunması – korrupsiya, terrorizm, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsi ilə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növləri ilə mübarizə kimi son dərəcə məsul vəzifələr durur.

Uzun tarixi yola malik olan Azərbaycan Milli Təhlükəsizlik orqanlarının bu günə kimi 28 rəhbəri olub. Prezidentin 14 dekabr 2015-ci il sərəncamı ilə Mədət Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildi. Bununla da Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradıldı.General-leytenant Mədət Quliyev Azərbaycan Milli Təhlükəsizlik orqanlarının sayca 28-ci rəhbəri oldu.

Femida.az müstəqillik elan edildiyi 1919-cu ildən və sovet Azərbaycanı dövründən indiyə kimi təhlükəsizlik nazirlərinin siyahısını təqdim edir:


1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)
2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart
3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)
4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)
5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral
6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may
7. Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr
8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust
9. Frinovski Mixail Petroviç: 1930 avqust - 1933 aprel
10. Aqrba Aleksey Serqeyeviç: 1933 mart - 1934 mart
11. Sumbatov-Topuridze Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar
12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr)
13. Yemelyanov Stepan Federoviç: 1939 fevral - 1953 avqust
14. Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel
15. Kopilov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust
16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr
17. Sviqun Semyon Kuzmiç: 1963 oktyabr - 1967 iyun
18. Əliyev Heydər Əlirza oğlu: 1967 iyun - 1969 iyul
19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 oktyabr -1980 iyun
20. Yusif-zadə Ziya Məmmədiyyə oğlu: 1980 iyun -1988 avqust
21. Qorelovski İvan İvanoviç: 1988 avqust -1989 avqust
22. Hüseynov Vaqif Əliövsət: 1989 avqust -1991 sentyabr
23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may
24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun
25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr
26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul
27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul-2015 (17 oktyabr)
28. Quliyev Mədət Qəzənfər oğlu: 2015 dekabr.

Müstəqil Azərbaycanın Təhlükəsizlik nazirləri:


İlhüseyn Hüseynov: Sentyabr 1991 - May 1992




Fəxrəddin Təhməzov: May 1992 - İyun 1993




Nəriman İmranov: İyun 1993 - Oktyabr 1994




Namiq Abbasov: Oktyabr 1994 - İyul 2004




Eldar Mahmudov: İyul 2004 - Oktyabr 2015




Miri Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 5326










Araşdırma
img

`Ermənilər onun dişini özünə çəkdirdilər` - Xocalının canlı şahidi danışır (VİDEO)

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img