Turistlər üçün "BakuCard" təqdim olunacaq


12:48     03 Aprel 2019 19_04_03_1554281684.jpg


Dövlət Turizm Agentliyi Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan “Bakı Kart”ın (“BakuCard”) təqdimatını keçirəcək.

Femida.az xəbər verir ki, “BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin kartı əldə etməklə turistlər Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.

Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24 AZN, 45 AZN və 70 AZN təşkil edir.

Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

Turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan “BakuCard” kartları geniş funksional imkanlar tanıyaraq və Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.

Femida.az

Açar sözlər: #turist   #turizm   #DTA  

Oxunub: 504