Dəfn pulu nə qədərdir və kimlərə verilir? - QANUN

"Dəfn pulu" nə qədərdir və kimlərə verilir? - QANUN


12:20     25 Aprel 2019 19_04_25_1556180409.jpg


Dövlət tərəfindən ödənilən birdəfəlik sosial müavinətlərdən biri də xalq arasında “dəfn pulu” kimi tanınan dəfn üçün müavinətdir. Bu müavinət kimlərə verilir, məbləği nə qədərdir və hansı sənədləri təqdim etmək lazımdır? Femida.az bu kimi suallara qanunvericilik vasitəsi ilə aydınlıq gətirir:

Bu xidmət "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə tənzimlənir. Xidməti həyata keçirən orqan Dövlət Sosial Müdafiə Fondudur və hüquqi əsası aşağıdakı kimidir:

- "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 4.0.2.3-cü maddəsi
- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin 3.1.34-cü yarımbəndi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”.


Xidmətin həyata keçirilməsi müddəti 10 gündür və bunun üçün heç bir dövlət rüsumu ödənilmir və həyata keçirilməsi üçün inzibati prosedurlar belədir:

- Müavinət şəxsin yaşayış yeri üzrə DSMF-nin yerli orqanları tərəfindən təyin edilir və ödənilir.
- DSMF-ə zəruri sənədlərlə birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur.
- Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
- Müraciətin qeydə alınması barədə müraciət edən şəxsə bildiriş və qəbz verilir.
- Komissiya tərəfindən təyinatla bağlı imtina qərarı qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.

Nazirlər Kabinetinin qərarı ilə dəfn müavinətini almaq üçün sığortaedən tərəfindən göndəriş məktubu, dəfn üçün müavinətlə bağlı haqq-hesab cədvəli, müavinət təyin edən komissiyanın protokolunun surəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayış (ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilməli), ölüm şəhadətnaməsinin surəti, bələdiyyə tərəfindən verilmiş arayış (vəfat edəni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat), dəfn xərcini çəkən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim edilməlidir. Dəfn müavinətinin alınması üçün qeyd olunan sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti üzrə yerli orqanına təqdim olunmalıdır.

Ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq sığortaolunan vəfat etdikdə onu dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinətin məbləği 146 manat məbləğində müəyyən olunub. Əmək pensiyaçısı vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli yəni, 348 manat 81 qəpik dəfn üçün müavinət ödənilir.

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #dəfn   #sosial   #qanun   #pul   #müavinət   #femida  

Oxunub: 1693