İraqda etiraz aksiyaları - Son bir ayda 250 nəfər ölüb


17:53     31 Oktyabr 2019 2019/10/775dbae2d85ab32_1572529747.jpg

İraqda son bir ayda davam edən etiraz aksiyalarında 250 nəfər ölüb.


Femida.az-ın xəbərinə görə, bu barədə yerli “Al-Hatdath” telekanalı İraq Parlamentinin İnsan Haqları üzrə Komitəsinə istinadən məlumat yayıb.

Komitənin hesabatına görə, iğtişaşlarda yaralananların sayı 11 mini keçib.

İnsan Haqları üzrə Komitədən bildirilib ki, etiraz aksiyalarının başlandığı gündən bəri 2500 nəfər saxlanılıb, onlardan 500-ü hələ də sərbəst buraxılmayıb.

İraq Müdafiə Nazirliyinin Əməliyyat Qərargahı isə təhlükəsizlik qüvvələrinin aksiyaçıların öldürülməsində iştirakı rədd edib, Bağdadın bir neçə bölgəsində etirazçılara hücumda şübhəli bilinən cinayətkar qrup üzvlərinin tutulduğunu bəyan edib.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda artan işsizlik və dövlət qurumlarında korrupsiya hallarına qarşı hökumət əleyhinə etiraz aksiyaları keçirilir. Bağdad, eləcə də ölkənin şimal və cənub əyalətlərində hökumətin istefası tələb edilir. Dinc aksiyalar polis və hərbi qüvvələrin müdaxiləsi ilə şiddətli qarşıdurmalara çevrilib. Rəsmi rəqəmlərə görə, toqquşmaların ilk dalğası 157 nəfərin ölümü ilə nəticələnib. Qısa müddətli sakitlikdən sonra bu həftə paytaxtda və ölkənin mərkəzi və cənub əyalətlərində nümayişlər yenidən başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 469