Ombudsmanın nümayəndələri təcridxanada olublar


22:49     02 Dekabr 2015 b0b5fbd344998ecc7ac65436c97b211f.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçiriblər.


Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, daxil olmuş müraciətlərin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin kameralarına, cərimə təcridxanasına, karantin otağına və digər obyektlərinə baxışlar keçirilib, qış rejiminə keçidlə bağlı saxlama şəraiti, istilik, qidalanma, içməli, isti və soyuq su təminatı, habelə tibbi yardım və telefon danışıqları ilə bağlı sənədləşmə və mövcud vəziyyət araşdırılıb.

Yeni və müasir standartlara cavab verən cərimə təcridxanasının tikilməsi və yeni karantin otağında təmir işlərinin aparıldığı müsbət qiymətləndirilmiş və müvafiq tövsiyələr verilib.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə 20-dən çox saxlanılan şəxs fərdi qaydada qəbul edilib, bəzi şəxslər isə öz xahişləri ilə təkbətək dinlənilub və bir sıra müraciətlər yerində araşdırılıb və təmin edilib.

Mətbuatda barəsində bir sıra məlumatlar yayılmış Rauf Sultanov da təkbətək qəbul edilib, MPQ-nin həkim üzvünün iştirakı ilə bədəninə baxış keçirilib, hər hansı xəsarət izi aşkar edilməyib, aclıq aksiyasına başlaması ilə bağlı müraciəti olmayıb, işi üzrə qaldırdığı məsələlər yerində araşdırılıb, habelə əvvəlki müraciətlərinin də araşdırılması istiqamətində göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürünü bildirib.

Qəbul edilmiş şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Açar sözlər:

Oxunub: 638