“Qarabağ“ da avrokuboklarla vidalaşdı


13:54     11 Dekabr 2015 14497820585925554010_1000x669.jpg

Dekabrın 11-də futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin sonuncu – altıncı turunda Azərbaycan çempionu “Qarabağ” səfərdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşıb.


Brüsseldə “Konstant Vanden Stok” stadionunda keçirilən oyunda “Anderlext”in heyətində meydana Silvio Proto, Olivie Deşaxt, Fabris Nsakala, Mboci Kara, Endi Najar, Denis Praet, Culiam Jile, Yuri Tilemans, Matias Suares, İmo Ezekiel və Stefano Okaka çıxıblar.

“Qarabağ”ın star heyətində isə İbrahim Şehiç, Maksim Medvedev, Rəşad Sadıqov, İlqar Qurbanov, Bədavi Hüseynov, Qara Qarayev, Dani Kintana, Riçard Almeyda, Əfran İsmayılov, Çumbinyo və Samuel Armenteros yer alıblar.

Matçın 26-cı dəqiqəsində “Qarabağ” klubunun yarımmüdəfiəçisi Dani Kintana komandasını hesabda irəli çıxarıb - 1:0. Bu qoldan 2 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Endi Najar hesabı bərabərləşdirib. Bundan 3 dəqiqə sonra isə Okaka “Anderlexti” hesabda irəli çıxarıb. İlk hissə bu hesabla başa çatıb. Görüşün ikinci hissəsində “Qarabağ” futbolçuları çox çalışsalar da, rəqib qapısına yol tapa bilməyiblər və görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Beləliklə, Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasındakı çıxışını dayandırıb.

Qrupun digər qarşılaşmasında Londonda “Tottenhem” Fransanın “Monako” klubunu 4:1 hesabı ilə məğlub edib.

Açar sözlər:

Oxunub: 825