İcra başçıları nazirə hesabat verdi


17:41     23 Yanvar 2016 c153490fa8b53bd0cba9c90d8a96c4e0.jpg

Yanvarın 22-də Saatlıda iqtisadiyyat naziri Şahin Mustafayevin və Şirvan şəhərinin, Saatlı, Sabirabad, İmişli, Hacıqabul, Salyan rayon icra hakimiyyəti başçılarının iştirakı ilə bu şəhər və rayonların sosial-iqtisadi məsələləri və inkişaf perspektivləri müzakirə edilib.


İqtisadiyyat Nazirliyindən Femida.az- a verilən xəbərə görə, Ş. Mustafayev dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb.

Görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, dünyadakı mürəkkəb siyasi və iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu təsirlərə qarşı dayanıqlıq nümayiş etdirir, gəlirlərin azalması fonunda belə bütün sosial proqramlar icra olunur.

Qeyd edilib ki, hazırkı mərhələdə qeyri-neft sektorunun inkişafı prioritetdir və bu baxımdan regionlar böyük potensiala malikdir. Son illərdə regionların iqtisadi potensialını gücləndirmək məqsədilə müasir tələblərə cavab verən infrastruktur layihələri icra olunub, dövlət dəstəyi tədbirləri nəticəsində qabaqcıl texnologiyalara əsaslanan müəssisələr yaradılıb, iş yerləri açılmış və digər əhəmiyyətli işlər görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev hazırkı şəraitdə iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün mühüm tapşırıqlar müəyyənləşdirib. Bu istiqamətdə rayon və şəhər rəhbərliyinin üzərinə böyük vəzifələr düşür.

Görüşdə iştirak edən şəhər və rayonların icra başçıları dövlət proqramlarının və infrastruktur layihələrinin icrası, əhalinin işgüzar fəallığının artırılması, sahibkarlıq fəaliyyətinin genişlənməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının tapşırıqlarının icrasının sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Açar sözlər:

Oxunub: 895