Hüquqşünaslar banklarla bağlı Baş prokurora müraciət edəcək - Açıqlama


00:51     14 Aprel 2016 12963797_1017883528306726_9091043059696681871_n.jpg

13 aprel 2016-cı il tarixdə Hüquqşünaslar Əkrəm Həsənov, Nicat Gözəlov və Tural Musayevin təşkilatçılığı ilə son 1 ildə aktual və ağrılı problemə çevrilmiş "Bank-Vətəndaş" münasibətləri ilə bağlı hüquqşünasların üçüncü Dəyirmi Masası keçirildi.


Baş tutan növbəti tədbirdə hüquqşünaslar Şahin Rəfiyev, İlham İbadov, Ellada Bayramova, Elnarə Hüseynova, Cəmil Adışov, Nemət Ağalarov və digərləri iştirak edirdilər.
Hüquqşünaslar devalvasiyadan sonrakı problemlər, hüquqi yollar, bankların kredit münasibətlərində olduqları vətəndaşlara qarşı yönəlmiş qanunsuz hərəkətlərinin qarşısının hüquqi yolla alınması, qanunvericiliyə zidd müqavilələrin mübahisələndirilməsi, tətbiq edilməli normalar və s. suallar ətrafında müzakirə aparıblar.
Qeyd edildi ki, görülən tədbirlər və Azərbaycan Respublikasının məhkəmə, hüquq-mühafizə orqanlarının rəhbərlərinin humanist müdaxiləsi bankların vətəndaşlara hüquqazidd əməllərinin qarşısını almışdır.
Hüquqşünaslar, bankların, kredit təşkilatlarının, lombardların, ləgvedicilərin davranışı, məhkəmə hakimlərinin və icra şöbələrinin kreditlə bağlı məsələlərdə vətəndaşa yanaşma tərzi və adekvat hüquqi tədbirlərin həyata keçirilməsi qaydalarını razılaşdırdılar. Banklar tərəfindən narahatlığı olan vətəndaşların qanun pozuntuları ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və hüquqşünaslara müraciət etməsi tövsiyə olundu.
Müzakirələr zamanı vətəndaşların hüquqşünaslara təqdim etdikləri kredit müqavilələrinin təhlili və ümumiləşdirilməsi aparıldı və aydın oldu ki, 2014-cü ilin avqust ayından 2015-ci ilin fevral ayınadək Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri məqsədyönlü şəkildə, devalvasiyanın baş verəcəyini qabaqcadan bildiklərinə görə, vətəndaşın real imkanlarını araşdırmadan, kreditlərin verilməsini ancaq dollarla həyata keçiriblər. Bundan əlavə, bir sıra banklar onminlərlə vətəndaşı, "belə daha yaxşı olacaq" adı ilə, onların manatla olan və gecikdirdikləri kreditini məqsədyönlü şəkildə ABŞ dollarına çevrilməsinə nail olublar. Nəticədə, manatın bu günkü vəziyyətə düşməsi banklar tərəfindən təmin edilmişdir. Bununla bağlı konkret faktlar mövcud olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğuna bir sıra bankların həmin dövrdəki kredit siyasətləri barəsində araşdırma aparılması üçün müraciət edilməsi qərara alındı.




Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3012