“Bu, namus məsələsidir, Rusiya kənara çəkilsin” – Politoloq


16:22     15 İyun 2016 cms-image-000004396%20(3).jpg

“Ermənistan tərəfinin gözləntiləri bundan ibarətdir ki, əgər Rusiya kəşfiyyatının bundan xəbəri var idisə, deməli, Ermənistana məlumat verilməli idi”.


Bu sözləri Femida.az-a açıqlamasında politoloq Elnur Soltanov deyib.

Politoloqun fikrincə, gözləntilərimiz olmasa belə, görüşlərə qatılmalıyıq, çünki bu görüşlərdən imtina etmək sülh danışıqlarına arxa çevirməyimiz anlamına gəlir:

“Sankt-Peterburq görüşündən çox şey gözləmirəm. Amma bir nüans xüsusi olaraq vurğulanmalıdır. Sual yaranır ki, əgər gözləntilərimiz yoxdursa, niyə görüşlər keçirilir və prezidentimiz o görüşlərə niyə qatılır. Bu görüşlərə getmək diplomatik addımdır. Çünki biz sülh danışıqlarından imtina edən dövlət imicini yaratmaq istəmirik. Azərbaycanın bu danışıqlara getməsinin əsas səbəbi budur. Görüşlərin əhəmiyyəti olmasa belə, həmin görüşlərə arxa çevirmək sülh danışıqlarından imtina etmək anlamına gəlir”.

Elnur Soltanov bildirdi ki, biz Rusiyanın Ermənistanı nəyəsə məcbur etməyini istəmirik:



“Digər tərəfdən biz Sankt-Peterburq görüşünə güclü tərəf kimi gedirik. Aprel əməliyyatları zamanı əldə etdiyimiz uğurlar bizim bu görüşə psixoloji üstünlüklə getməyimizə səbəb olur. Bu danışıqlar prosesində bizə üstünlük verən amillərdəndir. Biz Rusiyanın Ermənistanı nəyəsə məcbur etməyini istəmirik. Biz Rusiyanın kənara çəkilməsini istəyirik. Bir sözlə, münaqişənin həllində bizə Rusiyanın köməyi lazım deyil. Bu, namus məsələsidir. İki nəfər arasında ləyaqət mübahisəsi gedərkən üçüncü tərəf artıqdır. Azərbaycan xalqının ən həssas məsələsidir. Rusiya böyük dövlətdir, tarixi münasibətlərimiz var, amma bu məsələdə üçüncü tərəfin olması qəbuledilməzdir”.

Politoloq aprel əməliyyatlarından sonra Rusiya-Ermənistan münasibətlərinin soyuqlamasının da səbəbini izah etdi:

“Aprel əməliyyatları sırasında Ermənistanda belə təəssürat oyandı ki, Rusiya kəşfiyyatının Azərbaycan tərəfinin belə hazırlıqlı olmasından xəbəri var idi. Ermənistan tərəfinin gözləntiləri bundan ibarətdir ki, əgər Rusiya kəşfiyyatının bundan xəbəri var idisə, deməli, Ermənistana məlumat verilməli idi. Bundan sonra Ermənistan daxilində etirazlar başlandı ki, Rusiya Azə5rbaycana silah satır və s. Nəticə etibarilə, Ermənistan-Rusiya münasibətlərində gərginlik yaşandı”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 17435