“Bu, bütün Türk dünyasının faciəsidir“ - Münasibət


03:26     12 Oktyabr 2015 mubar.jpg

“Bu sadəcə Türkiyənin yox bütün Türk aləminin faciəsidir”.


Bu sözləri Femida.az-a politoloq Mübariz Əhmədoğlu Türkiyənin paytaxtı Ankarada baş verən partlayışı şərh edərkən deyib.

M.Əhmədoğlu bunun çox böyük bir faciə olduğunu vurğulayıb və bütün Türkiyə xalqına başsağlığı diləyib: “Sərbəst şəkildə həyatını yaşayan dinc xalqın belə bir terror aktına məruz qalması və bir çox insanın həyatını itirməsi faciədir. Üstəlik bu sadəcə Türkiyənin yox bütün Türk aləminin faciəsidir”.

Onun fikrincə Türkiyədə hazırkı siyasi vəziyyət çox gərgindir və tərəflərin bir-birinə qarşı silahlı vasitələrdən istifadə etməsi ənənə halına çevrilib: “Türkiyədəki geosiyasi vəziyyət bir tərəfi qane edərkən, digər tərəfi qane etmir. Həm də Türkiyədəki geosiyasi vəziyyət öz istiqamətini tez-tez dəyişir. Bu istiqamət bəzən Rusiyaya, bəzən də Qərb tərəfə yönəlir. Hazırda bu terror aktının PKK terrorçuları və ya Türkiyədəki geosiyasi dəyişiklikdən narahat olan şəxslər tərəfindən törədildiyini demək çox çətindir. Yalnız Türkiyənin müvafiq orqanları bununla bağlı dərin araşdırma apardıqdan sonra müəyyən bir fikir demək olar”.

Türkiyə mətbuatında dərc olunan yazılara görə, partlayışın PKK terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.

Rəsmi məlumatlara görə, ölənlərin sayı 96 nəfərə qalxıb. Nümayəndələri kürd olan Xalqların Demokratik Partiyasının (HDP) başçısı Səlahəttin Dəmirtaş isə terror aktının törədildiyi Sıhiyə Meydanındakı matəm mərasimdə çıxış edərkən 128 nəfərin həlak olduğunu bildirib. Eyni zamanda HDP və Cümhuriyyət Xalq Partiyası (CHP) nümayəndələrindən olan deputatlar terror aktının törədildiyi meydanda qol-qola yürüş edib.

Bütün bu faktlar Türkiyə ictimaiyyətində çaşqınlıq yaradıb. Buna görə də terror aktının kimlər tərəfindən törədildiyi hələ də sula altındadır.

Açar sözlər:

Oxunub: 591