Sayt redaktoru və hüquqşünas vətəndaşı soydu - 2250 manat


16:00     22 Sentyabr 2016 perviza6.jpg

Yevlax rayon sakini Pərviz Qulubəyli tərəfindən Femida.az-a müraciət daxil olub. Vətəndaş müraciətində iddia edib ki, özünü hüquqşünas və jurnalist kimi təqdim edən, həmyerlisi Məmmədli Natiq Əbdüləli oğlu onun iş görmək adı ilə 2250 manat pulunu alıb:


“ Özüm əslən Yevlax rayonundanam. Qəbələ rayonunun Nic kəndində özümə torpaq sahəsi aldım. Orada bəzi sənədləşmə işləri və xəritə çəkilməli idi. Yaxın qohumumun vasitəsi ilə özünü hüquqşünas və jurnalis tkimi təqdim edən Natiq Məmmədli ilə tanış oldum. O mənə dedi ki, bütün sənədlərin qaydasına qoyulması üçün bu qədər pul lazımdır. Mən də artıqlaması ilə pulu verdim. Noyabr ayında 1 il tamam olacaq ki, məndən həmin pulu alıb. Ancaq heç bir iş görməyib. Hər dəfə soruşanda söhbəti uzadır və gündə telefon nömrəsini dəyişir.”

Şikayətçi olan vətəndaş daha sonra qeyd edir ki, həmin şəxs özünü bir neçə saytın redaktoru kimi də təqdim edib. Bu adla vətəndaşdan pul əldə edib:

“ Natiq rayonlarda özünü “Korrupsiya və bəşəriyyət” qəzetinin redaktoru kimi təqdim edir. Yanında da özü kimi bir şəxslə gəzir. Bunlar vətəndaşları aldadıb, pullarını alırlar. Fırıldaqçılıqla məşğuldurlar. Bir neçə ay bundan qabaq onun adını “Xeberfakt.az” saytının hüquq bölməsinin redaktoru kimi gördüm. Onlara zəng etsəm də, əlaqə nömrəsini vermədilər. Bu insan hər gün telefon nömrəsini dəyişir.”
Şikayətçinin sözlərinə görə, adı çəkilən şəxslə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

“Hazırda atamın müalicəsinə görə Moskvadayam. Qardaşımı bu işlə əlaqəli olaraq Bakıya göndərmişik. Bu adamların cəzalanması üçün polisə müraciət edəcəm. Məndə onunla bağlanan müqavilənin əsli, telefon danışıqları, mesajları var. Bütün bu faktlardan məhkəmədə istifadə edəcəm.”

Yazıda adı hallanan “Xeberfakt.az” saytının baş redaktoru və təsisçisi olan Sakit Muradov Femida.az-a açıqlamasında bildirib ki, Natiq Məmmədli adlı şəxs onunla 2-3 ay əvvələ qədər işləyib. Bu cür səhvlərə yol verdiyi üçün onu işdən uzaqlaşdırıb.

Femida.az yazıda adı hallanan hüquqşünas Məmmədli Natiq Əbdüləli oğlu ilə əlaqə saxlayıb.O məsələ ilə bağlı bunları deyib:

“ Mənim hüquq firmam yoxdur. Müqavilə əsasında fəaliyyət göstərirəm. Hazırda şikayət edən vətəndaşın qardaşı ilə bir yerdəyəm.”.O irəli sürülən ittihamlara cavab verməkdən imtina etdi.

Xatırladaq ki, “Korrupsiya və bəşəriyyət” qəzetinin əməkdaşları 2013-cü ilin mayın 14-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində rüşvət alarkən cinayət başında yaxalanmışdılar.


Femida.az məsələni diqqətdə saxlayacaq.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 5122