Mehriban Əliyeva fəxri doktor diplomuna layiq görüldü


15:33     23 Sentyabr 2016 1409243958_1408380408_mehriban_aliyeva_1_-6.jpg

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Renascence and Constituent Assembly” (İntibah və Məclisi-Müəssisan) Muzeyində Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib.


Heydər Əliyev Fondundan Femida.az-a verilən məlumata görə, tədbirin aparıcısı qeyd edib ki, Heydər Əliyev Fondunun prezidentinə Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib.

Şəhər ictimaiyyəti adından Azərbaycanın birinci xanımına bir daha minnətdarlığını bildirən Veliko Tırnovonun meri Daniel Panov deyib ki, Mehriban Əliyevanın layiq görüldüyü bu ad şəhərin ən ali mükafatıdır. Daniel Panov vurğulayıb ki, Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi barədə onun təklifi meriyanın 2016-cı il avqustun 25-də keçirilən təntənəli iclasında yekdilliklə qəbul edilib.

Sonra Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib.

Azərbaycanın birinci xanımı mərasimdə çıxış edib. Mehriban Əliyeva çıxışında iştirakçıları Bolqarıstanın milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib, qədim Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı olmağın onun üçün böyük şərəf olduğunu deyib: “Biz – Heydər Əliyev Fondunun əməkdaşları çox qürur duyuruq ki, bolqar xalqının bu böyük milli irsinin bərpasına töhfə verə bilmişik”.

Mehriban Əliyeva iki ölkə arasında münasibətlərin tarix boyu dostluq xarakteri daşıdığını, qarşılıqlı hörmətə və qarşılıqlı marağa əsaslandığını deyib: “Bu gün Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz çoxsaylı iri layihələrdə, o cümlədən enerji layihələrində uğurla əməkdaşlıq edir. Lakin mən bizim humanitar və mədəni əlaqələrimiz üzərində daha çox dayanmaq istəyirəm. Bakı Slavyan Universitetində 2004-cü ildən Bolqar dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Həmin universitetdə bolqar dili, tarixi və mədəniyyəti öyrənilir. 2013-cü ildə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzi yaradılıb. Hazırda bu universitetdə “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bütövlükdə ölkələrimizin ali məktəbləri arasında 20-dən çox saziş bağlanıb. Bu, həm tələbə mübadiləsi, həm müxtəlif elmi konfranslar, həm də ölkələrimizin elmi ictimaiyyəti arasında əlaqələr deməkdir”.


Tədbirdə çıxış edən Bolqarıstanın baş naziri Boyko Borisov qeyd edib ki, müsəlman ölkəsi olan Azərbaycanın xristian ölkəsi Bolqarıstanda dini-mədəni abidəni bərpa etməsi bu ölkədə çox böyük rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondu bu abidəni bərpa etməklə bolqar xalqının 132 illik arzusunu reallaşdırıb.

Daha sonra Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olub.

Universitetin ümumi yığıncağının sədri Radoslav Radef bildirib ki, Azərbaycanın birinci xanımı fəxri doktor adına Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə layiq görülüb.


Universitetin rektoru Xristo Bondjolov deyib ki, UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri olan Mehriban Əliyeva dünyanın, o cümlədən Avropanın mədəni irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına böyük töhfələr verib. Rektor Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi layihələrdən danışıb.


Sonra Mehriban Əliyevaya Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru mantiyası və diplomu təqdim olunub.

Azərbaycanın birinci xanımı çıxışında “Mənə bu yüksək adı verməyi qərara almağınız məni dərindən təsirləndirib və bu adı müəyyən dərəcədə avans kimi qəbul edirəm. Çünki bu ada layiq olmaq üçün mən hələ çox iş görməliyəm”, deyə bildirib.

Daha sonra M.Əliyeva təhsil ocağının Fəxri Qonaqlar kitabına ürək sözlərini yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 926