Dərmanlar ƏDV-dən nə zaman azad ediləcək?


18:35     15 Oktyabr 2016 derman1.jpg

“Azərbaycanda dərmanların əlavə dəyər vergisindən azad edilməsi məsələsi bir neçə dəfə gündəmə çıxarılıb. Bunun üzərində düşünülür”.


Femida.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dünyanın ayrı-ayrı ölkələrində həm dərmanların əlavə dəyər vergisindən azad olunmasına dair, həm də dərmanların bu və ya digər dərəcədə əlavə dəyər vergisinə cəlb olunmasına dair nümunələr var:

“Biz bunu araşdırırıq və güman edirəm ki, Azərbaycan üçün məqbul olan bir formada qərar qəbul olunacaq. Bütövlükdə Azərbaycanda vətəndaşların həm keyfiyyətli, həm də qiyməti süni surətdə şişirdilməyən dərmanlarla təmin edilməsi istiqamətində vacib olan işlər görülür, bundan sonra da görüləcək”.

Ə.Əhmədov deyib ki, qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, Azərbaycanın dərman bazarı sağlam meyarlar və prinsiplər əsasında fəaliyyət göstərsin.

Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə əlaqədar pilot səviyyədə layihələr bu yaxınlarda həyata keçiriləcək deyən Ə.Əhmədov bildirib ki, Yevlax rayonu və Mingəçevir şəhərində pilot şəkildə bir neçə ay ərzində nəzərdə tutulan prinsiplər əsasında icbari tibbi sığorta tətbiq ediləcək və o nəticələr əsasında bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq.

Baş nazirin müavini vurğulayıb ki, bununla bağlı təkliflər hazırlanıb, onlara baxılır, lazım olan ekspertizadan keçirilməlidir:

“Bizim burada qarşımıza qoyduğumuz 2 əsas hədəf var. Birincisi icbari tibbi sığortanın və tibbi xidmətlərin yüksək səviyyədə təmin edilməsi üçün lazım olan zəruri vəsaitlər toplansın, digər tərəfdən isə bu, vətəndaşların büdcəsində ağır yükə çevrilməsin. Bu iki vəzifənin əlaqələndirilməsi istiqamətində işlər aparılır və hazır olan kimi ictimaiyyət məlumatlandırılacaq”.

Açar sözlər:

Oxunub: 1109