MTN-in qadın generalından xəbər var


21:26     17 Noyabr 2016 natavan%20(1)40.jpg

Səbail Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Femida.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib.

N.Mürvətova barəsində seçilmiş ev dustaqlığı daha üç ay müddətinə artırılıb.
Qeyd edək ki, ötən il noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda keçmiş MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
N.Mürvətova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hazırda Sabunçu Rayon Məhkəməsində, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Digər şəxslərin barələrində istintaq hərəkətləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 6506