Türkiyə İŞİD-i bombaladı


15:26     24 İyul 2015 isiddd9.jpg

Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus dörd `F-16` tipli təyyarə Suriya ilə sərhəddə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlılarının mövqelərini atəşə tutub.

Bu barədə AzVision.az `TRT Haber`ə istinadən xəbər verir.

Türkiyə hərbçilərinin məlumatına görə, ötən gün beş İŞİD yaraqlısı qumbaraatan və Kalaşnikov tipli avtomatla Kilis vilayətində ərazidə keşik çəkən sərhəd patruluna atəş açıb. Nəticədə bir əsgər ölüb, daha iki nəfər yaralanıb.

Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Açar sözlər:

Oxunub: 1192