Dəm qazından ölməmək üçün nə edək? - Ekspertin şərhi


02:27     09 Yanvar 2017 dem%20qazi7.jpg

Havaların soyuması ilə istilik problemi də aktuallaşır. İnsanlar evlərini isitmək üçün qaz sobalarından istifadə edir. Lakin bu vasitələr yalnız istilik deyil, bəzən özü ilə bərabər ölüm də gətirir. Qaz sobalarının düzgün qurulmaması dəm qazından zəhərlənmələrə səbəb olur. Bu cür zəhərlənmələr ölümə də səbəb olur.



Dəm qazı nədir, niyə insanların həyatına son qoyur?





Təhlükəsizlik üzrə mütəxəssis Elmar Nurəliyevin sözlərinə görə, dəm qazı yanma prosesi olan bütün yerlərdə əmələ gələ bilər: “Neft - qaz məhsullarının, hətta odunun yanmasından belə dəm qazı əmələ gəlir. Sertifikatlaşdırılmamış və kustar üsullarla düzeldilən müxtəlif qaz sobaları , qaz cihazları dəm qazının yaranmasına səbəb ola bilir”.

Elmar Nurəliyev əlavə etdi ki, digər səbəb isə borularda yaranan nöqsanlar ( üzərində qırıq, deşik, ara məsafəsi olması), boruların vaxtında təmizlənməməsi səbəbindən tutulması və dəm qazının yaranmasıdır.

“Qısa olaraq dəm qazı yanma prosesi düzgün qaydada getmədikdə yaranır. Bunu bilmək mütləqdir. Yanma düzgün getdikdə, ayrılan dəm qazı karbon qazına çevrilərək boru vasitəsi ilə xaric olur. Dəm qazından qorunmaq üçün sertifikasiyası olmayan qaz cihazlarından, kustar üsulla hazırlanan qaz sobalarından istifadə etməmək, borulari ən azı ildə iki dəfə təmizləmək, hamam otaqlarında nəfəsliyi açıq saxlamaq, evin havasını gün ərzində səhər, günorta və axşam yatmazdan əvvəl dəyişmək lazımdır", - mütəxəssis vurğulayıb.

Dəm qazı iysiz, dadsız və rəngsiz olduğundan onu hiss etmək olmur deyən Elmar Nurəliyev zəhərlənmənin müəyyən əlamətlərinin olduğunu da qeyd edib: " Baş ağrısı, ürəkbulanma, baş gicəllənmə və qusma, ağır hallar olduqda isə qıcolma, sayıqlama, insan hətta komaya da düşə bilər. İlk yardım üçün zəhərlənən şəxsi mütləq təmiz havaya çıxarmalı, üzərində olan sıxıcı paltarları çıxarmaq, arxası üstə uzatmaq bədəni və qollarını ovuşdurmaq, başına, alnına soyuq kompres qoymaq, şüuru özündə deyilsə, naşatr spirti qoxlatmaq və ehtiyac varsa, süni nəfəs vermək lazımdır. Ən əsası təcili tibbi yardıma xəbər vermək lazımdır. "


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3880