Narkotik maddələrlə bağlı qanunda yeni müddəa


23:58     01 Fevral 2017 Milli-meclis-12.jpg

Azərbaycanda "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilib.


Femida.az -ın xəbərinə görə, dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd olunub ki, həmin siyahı ilə tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarının ölçü vahidi kimi həmin bitkilərin yalnız sayı müəyyən edilib. Lakin tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarı qanunvericilikdə müəyyən edilməyib. Dəyişiklik bu səbəbdən təklif edilir.
Belə ki, Azərbaycanda bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: tiryək xaşxaşı, yağlı xaşxaşın digər növlərinin 2-10 ədədi xeyli miqdar, 11 ədəd isə külli miqdarın aşağı həddi hesab ediləcək. Çətənə növlü bitkilərin 3-15 ədədi xeyli miqdar, 16 ədəd isə külli miqdarın aşağı həddi kimi qəbul edilir.
Bundan başqa, yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosların 3-50 ədədi xeyli miqdar, 51 ədədi isə külli miqdarın aşağı həddi hesab ediləcək.
İqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər: kokain kolunun 1 ədədi xeyli miqdar, 2 ədədi külli miqdarın aşağı həddi, katın 2 ədədi xeyli miqdar, 3 ədədi isə külli miqdarın aşağı həddi kimi qəbul ediləcək.
Dəyişiklik layihəsi səs verməyə çıxarılaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 940