Telefon xəttimi kəsib, nömrəmi satışa çıxardılar – Lerikdən müraciət


15:31     14 Aprel 2017 angry-phone.jpg


Lerik rayonu, Həzi Aslanov küçəsi, ev 1, mənzil 11-də qeydiyyatda olan Mirzəyev Sövqi Allahverən oğlu tərəfindən Femida.az -a müraciət daxil olub. Vətəndaş müraciətində telefon xəttinin 13 manat abunə borcuna görə kəsildiyini və satışa çıxarıldığını iddia edib.


“ İşimlə əlaqədar olaraq bir müddət Lerikə gedə bilmədim. Telefonla zəng edib evin telefon nömrəsinin borcunu soruşanda mənə dedilər ki, xəttiniz kəsilib və nömrəniz satışa çıxarılıb. Mənə təklif etdilər ki, 13 manat abunə borcumla birgə 30 da manat ödəyim. Yalnız bundan sonra telefon nömrəmizi geri ala bilərik. Düzü, bu hərəkəti normal qəbul edə bilmədim.”

Femida.az məsələ ilə bağlı Lerik rayon ATS-i ilə əlaqə saxlayıb. ATS-dən verilən məlumata görə, abunəçi ödəniş müddətini keçirdiyi üçün onun xətti kəsilib və nömrəsi satışa çıxarılıb. Bizim nizamnamədə qeyd olunub ki, abunəçi təkrar telefon xətti çəkdirmək istəsə, ödəniş etməlidir.

Femida.az məsələnin hüquqi tərəfini də araşdırıb. Bununla bağlı Femida.az-a açıqlama verən hüquqşünas Cəmil Adişov bildirib ki, xəbərdarlıqdan sonra abunə haqqını ödəməyən abunıçinin xətti sistemdən ayrıla bilər.

“ Telefondan və digər telefon rabitəsi xidmətlərindən aylıq istifadə haqqı həmin ayın 24-nə qədər ödənilir. Xidmətlərdən istifadə üzrə aylıq abunə haqqını xidmət göstərilən ayın sonuna kimi ödəməyən abunəçilərə növbəti ayda rəsmi xəbərdarlıq (zəng etməklə və ya məktubla) edilir və xəbərdarlıq olunmuş abunəçilərin telefondan istifadəsi həmin ayın sonunda dayandırılır. Aylıq abunə haqqını 3 ay ərzində ödəməyən abunəçilərin telefonları şəbəkədən açılır. Telefon şəbəkədən açıldıqda, abunəçilər 3 ay müddətində müraciət etdikdə, telefonun bərpası (yenidən şəbəkəyə qoşulması) yaranmış borclar tam ödənildikdən sonra təmin edilir.”

Hüquqşünas Mehman Muradlı qeyd edib ki, abunəçi bununla bağlı məhkəməyə müraciət edtiyi təqdirdə iddianın baxıldığı müddətdə telekommunikasiya xidmətindən məhrum edilə bilməz.

“ "Telekommunikasiya haqqında" qanunun 40-cı maddəsinin tələbinə əsasən operator abunəçi ilə bağladığı müqaviləni birtərəfli qaydada poza bilər. Həmin qanuna əsasən telekommunikasiya xidməti abunəçisi—operator, provayder ilə bağladığı müqavilə əsasında telekommunikasiya xidmətlərindən istifadə edən şəxsdir. Qanuna əsasən abunəçi telekommunikasiya xidməti üzrə bağlanılan müqavilənin şərtlərinin pozulması barədə iddia qaldırarsa, iddianın baxıldığı müddətdə telekommunikasiya xidmətindən məhrum edilə bilməz.”


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2997