Krediti olan deputatlarımız kimlərdir?


17:05     16 İyun 2017 apamilli%20m.jpg

Femida.az millət vəkilləri arasında onların kredit borcunun olub-olmadığına dair sorğu keçirib.


Sorğumuzun nəticəsində məlum oldu ki, millət vəkillərimizin böyük əksəriyyətinin kredit borcu yoxdur.

Milli Məclisin deputatı Araz Əlizadə bildirdi ki, 1994-cü ildən 2015-ci ilə qədər heç bir qurumda çalışmadığına görə, hazırda həmin vaxtdan qalan kreditlərini ödəyir. Deputat aldığı maaşın kreditləri ödəmək üçün kifayət etdiyini vurğuladı.

Millət vəkili Ağacan Abıyev həmişə ayağını yorğanına görə uzatdığını deyir: “Həyatım boyu nə heç kəsə borc vermişəm, nə də heç kəsdən borc almışam. Maaşım da kifayət edir. Buna görə də kredit götürmək ağlımdan keçməyib. İnsan gərək yediyini, içdiyini hesablaya”.

Milli Məclisin deputatı Çingiz Qənizadə həmişə kredit götürməkdən qorxduğunu bildirdi: “Zaman göstərdi ki, mənim qorxum haqlı olub. Devalvasiyalar vaxtı insanlar çox əziyyət çəkdilər. Kredit götürməyə ehtiyacım olmayıb. Arzum odur ki, heç ehtiyacım olmaz da”.

Deputat Musa Quliyev də indiyə kimi kredit götürməyən deputatlardandır.

Millət vəkili Elman Məmmədov bu gün etibarilə kredit borcunun olmadığını dedi: “Bir neçə il bundan əvvəl kredit yolu ilə maşın almışdım. 3 il ərzində borcumu bağlaya bildim. İndi kredit borcum yoxdur”.

Deputat Aqil Abbas kredit borcu olan nadir deputatlardandır. Belə ki, ötən il kredit götürdüyünü bildirdi: “Hazırda kreditim var. Ötən il götürmüşəm. Hər ay vaxtlı-vaxtında ödəyirəm. Artıq yarısını ödəyib bitirmişəm. Əvvəllər də avtomobil alarkən kredit götürmüşəm.

Millət vəkili Elman Nəsirov bu yaşa qədər bir dəfə də olsun kredit götürmədiyini deyir: “Bəzən kredit götürmək istəmişəm. Amma hər dəfə fikrimdən daşınmışam. Bir şey almışamsa, nəğd pula almışam. Elə yüksək qiymətli əşyalar da almamışam. Çünki mən elm adamıyam. Buna uyğun olaraq da imkanım daxilində nələri alsam da, kreditə getməmişəm”.

Deputat Rasim Musabəyov bu vaxta kimi nəinki kredit, hətta ən yaxın adamından belə borc götürmədiyini bildirdi: “Mənim borcdan zəhləm gedir. Həyatım boyu nə borc, nə də kredit götürməmişəm”.

Milli Məclisin xanım deputatı Flora Qasımova da ömrü boyu hər hansı formada kimdənsə borc, hansısa bankdan kredit götürmədiyini dedi.

Deputat Tahir Mirkişili indiyə kimi kreditinin olmadığını bildirdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4424