Qəza yerindən qaçan sürücünü hansı cəza gözləyir? - Hüquqi şərh


18:29     08 Avqust 2017 hebs0.jpeg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə müraciət etdiyimiz mövzu qəza törədən sürücünün hadisə yerindən qaçması və məsuliyyəti ilə bağlıdır.


Mövzu ilə bağlı femida.az-ın suallarını cavablandıran hüquqşünas Nicat Gözəlov sürücünün məsuliyyətindən bəhs edib. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 264-cü maddəsində yol nəqliyyat hadisəsi yerindən qaçması və yaranacaq məsuliyyətdən bəhs olunur.

“Bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması
— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”


Hüquqşünas Nicat Gözəlovun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan əməl qəsdən törədilən cinayət əməli hesab edilir. Yəni, cinayəti törətmiş şəxs hadisə törətdiyini və hadisə yerindən qaçdığını dərk edir və məhz bunu istəyir.

"Yol nəqliyyat hadisəsi yeri" deyərkən hansı məkanlar nəzərdə tutulur?





Hüquqşünas sualı cavablandırarkən bildirib ki, "Yol nəqliyyat hadisəsi yeri" - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələri ilə insanların ölməsinə və ya sağlamlığına az ağır və ağır zərər dəyməsinə səbəb olan hadisənin baş verdiyi məkandır.

“ Ağlı başında olan sürücü özü barədə zərərçəkmiş şəxsə və ya hüquq-mühafizə orqanına dəqiq və həqiqətə uyğun məlumatlar verərək hadisə yerini tərk etməsi, habelə hadisə yerini tərk edərək birbaşa yaxınlıqdakı hüquq-mühafizə orqanına getməsi də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyətdən azad edir.
Hadisəni törətmiş şəxs hətta dəqiq və zəruri məlumat versə də, məsuliyyətdən yaxa qurtarmaq üçün şərait yaratmaq məqsədi ilə hadisə yerini tərk etdikdə (məsələn, sərxoş olduğuna görə hadisə yerindən gedərək, sərxoşluq keçdikdən sonra hüquq-mühafizə orqanına gəldikdə) CM-nin 264-cü maddəsi ilə məsuliyyət istisna edilə bilməz.”

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi “Galendewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2577