Gürcüstan Müsəlmanları İdarəsi illik hesabat verib


19:47     02 Dekabr 2017 gurcustan%20azerbaycan.jpg

Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) illik hesabatı təqdim olunub.


Tədbirdə çıxış edən Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze GMİ-nin nüfuzlu dini təşkilata çevrildiyini deyib.

O, Gürcüstanda müsəlman icmasına dövlətin diqqət və qayğısından danışıb: “Əsrlər boyu Gürcüstanda müsəlmanlar məshəbdən asılı olmayaraq bir yerdə mehriban yaşayıblar. Gürcüstan bu sahədə bir çox dünya ölkələri üçün nümunədir. Ölkədə məshəblər arasında vəhdətin olmasında müsəlman din rəhbərlərinin rolu böyükdür.”.

Gürcüstanın barış və vətəndaş bərabərliyi üzrə dövlət nazirinin birinci müavini Laşa Darsalia çıxışında ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib: “Milli azlıqlar vətəndaş cəmiyyətinə inteqrasiya edib tamhüquqlu vətəndaş olmalıdırlar. Bununla yanaşı milli azlıqların özlərinin dini və milli ənənələrini də qoruyub saxlanması vacibdir.”.

Sonra GMİ şeyxi Hacı Ramin İgidov cari il ərzində idarə tərəfindən görülmüş işlər barədə məlumat verib.

Hesabat məruzəsi ilə çıxış edən R.İgidov Gürcüstanda mövcud 320 məscidin 170-nin dövlət qeydiyyatına alınaraq GMİ-nin sərəncamına verildiyini bildirib. O deyib ki, cari ildə ölkədə 42 məscid təmir olunub.

GMİ şeyxi idarənin nəzdində 4 sayt və bir internet televiziyanın fəaliyyət göstərdiyini və indiyə qədər 650 verilişin yayımlandığını, 36 kitab, müxtəlif qəzet və jurnalların nəşr etdirildiyini bildirib.

Bu il GMİ həmçinin 39 məscidin təmmənnasız qazla təmin olunması üçün “SOCAR Georgia Gas” şirkəti ilə müqavilə imzalayıb və Tbilisi Cümə məscidində kitabxana yaradıb. GMİ rəhbəri bu il idarə tərəfindən həyata keçirilmiş xeyriyyə və digər tədbirlər barədə də məlumat verib.

Hesabat tədbirində Gürcüstanın dövlət qurumları, Azərbaycan, Türkiyə, İran və digər ölkə səfirliklərinin nümayəndələri və rəsmi şəxslər iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1053