Hüseyn Abdullayevin yaxın adamının həbs müddəti uzadılıb


17:17     22 Noyabr 2018 2018/11/824b73dd-a4dc-4d7a-95cc-0bc6e1ad6ef0_1542891744.jpg

Keçmiş deputat Hüseyn Abdullayevin yaxın adamı Namiq Babayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.


"Report"un xəbərinə görə, Nəsimi Rayon Məhkəməsi vəsatət təmin edib.

N.Babayevin həbs müddəti daha 3 ay artılıb.

Daha sonra N.Babayev yenidən məhkəməyə müraciət edib. O, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Nəsimi Rayon Məhkəməsi isə onun müraciətini rədd edib.

Qeyd edək ki, N.Babayevin adı Türkiyədə saxlanılıb, Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilən H.Abddullayevin cinayət işində hallanır. Belə ki, rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Açar sözlər:

Oxunub: 453