Aldığı torpaqda 4 ildir ev tikə bilmir — Köməksiz qalan qadın müraciət etdi


15:55     05 Mart 2019 2019/03/19764_1551786958.jpg

2015-cü ildən torpaq almasına baxmayaraq bu günə kimi torpağında ev tikdirə bilmir. Bakı şəhər sakini Əhmədova Emiliya Əli qızı Femida.az saytına müraciət edərək aldadıldığını və şikayətinin araşdırılmadığını iddia edib.


Onun sözlərinə görə, 2015-ci ildə alqı-satqı müqaviləsi ilə ev tikmək üçün Abşeron quşçuluq sovxozu ərazisindən torpaq sahəsi alıb. Buna baxmayaraq bu günə qədər həmin torpaq sahəsində ev tikə bilməyib. Vətəndaş torpağı Hatəm adlı şəxsin vasitəçiliyi ilə aldığını bildirib.


“2015-ci ildə Seyid adlı şəxsdən torpaq sahəsini aldıq.Ona dedim ki, bu sahədə ev tikmək istəyirəm.Torpaq üçün 15 min manata qədər pul ödədim.Sonradan məlum oldu ki, həmin ərazidə ev tikməyə icazə yoxdur. Bunu biləndən sonra pulumu geri istəməyə başladım. Həmin vaxt torpağın sahibi olan Seyid problemi həll edəcəyinə söz versə də, heç nə etmədi. Aldadıldığımı başa düşdükdən sonra Suraxanı rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etdim. Uzun get-gəldən sonra müstəntiq Nizami Məhərrəmov bizə dedi ki, burada heç bir cinayət əməli yoxdur. Bütün dövlət qurumlarına, prokurorluğa müraciət etmişəm. Mənim kimi o ərazidə bir neçə nəfərə də torpaq satılıb. Bu,kütləvi şəkildə baş verir. Polis buna niyə göz yumur?”

Şikayət ərizəsinin obyektiv araşdırılmadığını iddia edən Emiliya Əhmədova Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi Nizami Məhərrəmovun ünvanına bir sıra ittihamlar səsləndirib. Onun sözlərinə görə, müstəntiq işin baxılmasını ləngidib, vaxtında tədbir görməyib.


Şikayətçinin sözlərinə görə, qeyd olunan problemlə üzləşdikdən sonra səhhətində ciddi problemlər yaranıb. Bu səbəbdən də dövlət qurumlarına getməyə çətinlik çəkir.

“Mənə torpağı satan Seyid adlı şəxs söz vermişdi ki, sənədləri qaydasına salacaq. Bu günə kimi məni aldadır. Özüm d ə xəstə olduğumdan hər yerə gedə bilmirəm. Hüquqlarımı da bilmirəm deyə, məni aldadırlar. Müstəntiq vaxtında bu işi araşdırmadı. Bütün qurumlara getmişəm. Hamısı bir-biri ilə əlaqəli olduğundan bizi ortalıqda qoyurlar. Buna görə, rəhbər şəxslərdən xahiş edirəm, mənə yardım etsinlər”




Femida.az məsələni araşdırmaq üçün adı çəkilən müstəntiqlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında iddiaları təkzib etməklə yanaşı, vətəndaşın şikayətinin araşdırıldığını və onlara cavab verildiyini bildirib.

“Əhmədova Emiliya Əli qızının rəsmi ərizə ilə müraciətindən sonra araşdırma apardım. Burada cinayət işinin açılması üçün kifayət qədər dəlillər olmadığı üçün cinayət işinin başlanması rədd edildi.”


Müstəntiq vətəndaşa hüquqlarının başa salındığını və məsləhətlər verildiyini qeyd edib.

“Hadisə 2015-ci ildə baş verib. Müddət bitdiyindən biz istəsək belə qarşı tərəfə cinayət işi aça bilmərik. Bu gün vətəndaş deyir ki, həmin ərazidə kütləvi şəkildə şəxslərə dələduzluq baş verib. Amma bu iddia ilə bağlı bizə heç bir rəsmi müraciət olmayıb.”
İddiada adı hallanan Hatəm və Seyid adlı şəxslərlə əlaqə saxlamaq istəsək də, telefon zənglərinə cavab vermədilər.


Femida.az məsələnin hüquqi tərəfinə də aydınlıq gətirib.
Mövzu ilə Femida.az xəbər verir ki,mövcud qanuna görə, torpaq sahəsi kənd təsərrüfatı kateqoriyasına aiddirsə o zaman həmin torpaqda ev tikmək olmaz, ev tikilməsi üçün torpağın kateqoriyası yaşayış məntəqələrinin kateqoriyasına aid olmalıdır.





“Kateqoriyanın dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli № 10 qərarı var. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılır. Kateqoriyanın qanunsuz olaraq dəyişdirilməsinə görə də İXM-nə əsasən inzibati cərimə tətbiq edilir.”, deyə hüquqşünas bildirib.




Miri Məcidli
Femida.az


Açar sözlər: #hüquqi_yardım   #hüquqşünas   #Femida   #Vəkil  

Oxunub: 1119